REGİONLAR
Qusarın Hil kəndində 720 yerlik məktəb binası tezliklə şagirdlərin istifadəsinə veriləcək
Qusar, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndində tikintisi yekunlaşan yeni məktəb binası sentyabr ayında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən kənddə təhsil ocağının inşasına ötən ilin əvvəlindən başlanılmışdı. Hazırda məktəbin tikintisi yekunlaşıb və binada son tamamlama işləri aparılır. 720 şagird yerlik, üçmərtəbəli binada 32 sinif, 9 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt və oxu zalları, kitabxana və 180 yerlik yeməkxana var.
Qeyd edək ki, 1500 nəfərdən çox sakini olan Hil Qusarın ən böyük kəndlərindən sayılır. Bu, Hil kəndində inşa olunan üçüncü yeni məktəb binasıdır. Ümumilikdə son 5 ildə Qusarda 40 yeni məktəb binası tikilib. 2014/2015-ci tədris ilində Qusar rayonunun Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd, Çubuqlu Hil və Bədirqala kəndlərində tikilən yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib.