REGİONLAR


Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq

Qusar, 23 avqust, Elxan Yusifli, AZƏRTAC 

Qusar rayonunun fındıq bağlarında məhsul yığımının qızğın çağıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fındıq istehsalı rayonun iqtisadiyyatında mühüm rol oynayan sahələrdəndir. Rayonda 6 min hektardan çox fındıq bağı var.

Fındıq bağlarında məhsul yığımına avqust ayının əvvəllərindən başlanılıb. Fermerlər ötən ilə nisbətən daha çox məhsul əldə edirlər.

İmamqulukənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər rayonda fındıq bağlarının daha çox becərildiyi ərazilərdir. Burada, ümumilikdə, 450 hektar fındıq bağı mövcuddur. Bunun da 100 hektarı son iki ildə salınıb.

Qusarlı fermerlər bildirirlər ki, fındıqçılığın inkişafı ölkəmizə xaricdən valyuta cəlb olunmasında mühüm rol oynayır. Bu isə öz növbəsində regionların inkişafına güclü təkan verir.

Təsərrüfatçı Şaban Qurbanov deyib ki, indi fındıqçılıqla məşğul olmaq daha asan və sərfəlidir. “Əvvəllər çətin idi. İndi təzə kombaynlar var. Fındığın qabıqdan təmizləməsi daha tez və asan başa gəlir. Əvvəllər bir-bir qabıqdan çıxardırdıq. İndi kombayn gün ərzində 5-6 ton təmizləyir”, - deyə fermer Ş.Qurbanov söyləyib.

Hazırda Qusarın bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar.

Qusarlı fındıqçılar düzgün suvarmaya və aqrotexniki qaydalara riayət etməklə hər il yüksək nəticə əldə edirlər. Kənd sakinləri yeni bağların salınmasına da maraq göstərirlər. Bu bağlarda əsasən rayonun iqlim şəraitinə uyğun yerli sortlar əkilir. Hazırda barverən bağlarda məhsul yığımı yeni əkilən sahələrdə isə suvarma, becərmə işləri həyata keçirilir.

Rayon ərazisində, ümumilikdə, 6 min 300 hektar fındıq bağı mövcuddur. Bu bağların 3 min 200 hektarı barverəndir. Cari ildə bağlardan 4 min tona yaxın məhsul toplanacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.