REGİONLAR


Qusarın intensiv alma bağlarının məhsulu Rusiya bazarlarına çıxarılır VİDEO

Qusar, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba, Qusar və Xaçmaz rayonlarının alma bağlarında kütləvi məhsul yığımı davam edir. Məhsul toplanması ilə yanaşı, sahibkarlar almanın xarici bazarlarda satışını təşkil edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Qusar rayonunun intensiv və superintensiv alma bağlarında bol məhsul yetişib.

Rayonun Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan meyvə bağlarından toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Burada almanın “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji”, “Brebrun” və digər növləri becərilir.

Hazırda toplanan məhsul çeşidlənərək saxlanılması üçün soyuducu anbarlara yığılır. Şirkətin satış menecerləri ilk növbədə xarici bazardan məhsul üçün edilən təklifləri dəyərləndirirlər. Bağlardan yığılan alma ən sərfəli təklif əsasında müştərilərə satılır.

Qusarda yerli almanın bir kiloqramı 50-60 qəpikdir. Superintensiv alma bağlarında becərilən xarici sort almalar isə müştərilərə 1-1,5 manata təklif olunur.

Sahibkar Qalib Yəhyayev bildirib ki, bağların ilk məhsulu avqust ayında toplanılıb. Hazırda isə “Golden”, “Jonagold”, “Granny Smith” sortlarının becərildiyi bağlarda məhsul yığımı yekunlaşır.

“Almalar toplandıqdan sonra anbara yığılır. Burada əməkdaşlarımız almaları ölçülərinə və keyfiyyətinə görə çeşidləyir. Almalar təmiz yuyulur və qablaşdırılır. Satışa hazır məhsul soyuducu anbarda saxlanılır. Bizim soyuducu anbarımız 2 min ton məhsul saxlamağa imkan verir. Almanın satış qiymətini bazar formalaşdırır. Kütləvi yığım zamanı toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir”, - deyə Qalib Yəhyayev söyləyib.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonun alma bağlarından bu günə kimi 25 min ton alma toplanıb. Məhsul yığımı davam edir. Qusardakı alma bağlarının ümumi sahəsi isə 4 min hektardır. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul yığılır.

Rayonda intensiv üsulla becərilən 7 min hektara yaxın meyvə bağı mövcuddur. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. İntensiv bağlarda bir hektarda 650, superintensiv bağlarda 1200, ultraintensiv bağlarda isə 20 min ədəd meyvə tingi becərilir. Bu bağlardan müvafiq olaraq 40-50, 70-80 və 80-120 ton məhsul almaq mümkündür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.