REGİONLAR
Qusarlı badmintonçular zona yarışının qalibi olub VİDEO
Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında keçirilən badminton üzrə zona birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində reallaşan yarışda 9 komanda qüvvəsini sınayıb. Turnirdə şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qobustan rayonlarını təmsil edən məktəbli badmintonçular iştirak ediblər.
Zona birinciliyinin açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.
Badminton üzrə yığma komandanın baş məşqçisi Ceyhun Məmmədəliyev turnirin birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği məqsədilə keçirildiyini qeyd edib.
Turnirdə 50 məktəbli badmintonçu (32 oğlan, 18 qız) medallar uğrunda mübarizə aparıb.
Oğlanların şəxsi görüşlərinin nəticələrinə əsasən, Qusar məktəblisi Əmrah Orucəliyev çempion adını qazanıb. Qızların mübarizəsində isə Ramilə Rəhmanova (Qusar) birinci olub.
Qoşa yarışlarda oğlanlar arasında Nihat Məmmədov - Murad Hüseynov (Şabran), qızlar arasında isə Oksana Balakişiyeva – Fəridə Zəkiyeva (Qusar) cütlüyü bütün rəqibləri üzərində qələbə qazanaraq birinci yerə layiq görülüblər.
Qarışıq qoşa yarışlarda isə Əmrah Əliyev – Ramilə Rəhmanova (Qusar) cütlüyü hamıdan güclü olub.
Yarışın son nəticələrinə əsasən, komanda hesabında Qusar birinci, Şabran və Xaçmaz badmintonçuları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Birinciliyin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.