REGİONLAR
Qusarlı fermerlər intensiv bağçılığa üstünlük verirlər VİDEO
Qusar, 19 may, Elxan Yusifli, AZƏRTAC
Bağımızdakı ağaclar bir il bundan qabaq əkilib. Əvvəllər burada sovxoz dövründə əkilən iri gövdəli ağaclar vardı. İndi isə fermer təsərrüfatı yaradıb, intensiv bağçılıqla məşğuluq. 1 hektara yaxın bağda 2 min ting əkmişik. Bağımız üçüncü ildə 30, dördüncü ildə isə 50-60 faiz məhsula düşəcək. Köhnə bağlardan 15-20 ton məhsul götürürdüksə, intensiv alma bağlarından 50-60 tona yaxın məhsul yığmaq mümkündür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qusar rayonunun İmamqulukənd kəndindən olan fermer Əlistan Mahmudov bildirib.
Fermer deyib ki, intensiv bağçılıq böyük xərc tələb etsə də, ağaclar məhsula düşdükdən sonra xərclənən vəsaitin əvəzini artıqlaması ilə ödəyir.
Son illər Qusarda intensiv bağçılığa maraq daha da artıb. Təkcə ötən il rayonda 623 hektar sahədə intensiv və superintensiv meyvə bağı salınıb. Bununla da son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 7 min hektara çatdırılıb.
İmamqulukənddən olan fermer Şıxkamal Daşdəmirovun sözlərinə görə, intensiv bağlar ənənəvi bağlara nisbətən az zəhmət tələb edib, daha yaxşı nəticə əldə etməyə imkan verir. Təsərrüfatçı 4 il əvvəl saldığı alma bağının hər hektarından bu il 30 tona qədər məhsul götürəcəyini bildirir.
“Taxıl sahələrimiz və alma bağlarımız var. Dörd il əvvəl intensiv alma bağları salmışıq. İşləyib zəhmət çəkib məhsul yetişdiririk. Bu il bağımızda məhsuldarlıq 50-60 faiz arası olmalıdır. Növbəti illərdə isə ağaclar böyüyüb tam məhsula düşəcək. Yetişdirilən məhsulu həm yerli, həm də xarici bazarda satırıq”, - deyə fermer əlavə edib.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusarda 30-40 il əvvəl salınan bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev rayonda 13 min hektardan çox meyvə bağının olduğunu qeyd edir. Bu bağların 4071 hektarında alma becərilir. Ötən il rayon bağlarından 35 min ton alma toplanılıb.
“İntensiv üsulla becərilən bağlarda ən çox alma, nektarin və fındıq üstünlük təşkil edir. İntensiv bağlara dövlət tərəfindən dörd il müddətində hər hektara görə 730 manat subsidiya verilir. Son illərdə salınan intensiv bağların sahəsinə görə Qusar respublikada ən qabaqcıl rayonlardan biridir”, - deyə X.Babayev söyləyib.
Xələf Babayev bildirib ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.