REGİONLAR


Qusarlı fermerlər kartof sahələrində bol məhsul yetişdiriblər VİDEO

Qusar, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Qusarlı təsərrüfatçılar kartof sahələrində bol məhsul yetişdiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər dəmyə torpaqlarında becərilən kartofun yığımına sentyabr ayının ikinci ongünlüyündən başlayıblar. Artıq sahələrdən 27 min tondan çox məhsul toplanılıb.

Fermer Xanbaba Qayıtmazov bildirib ki, rayonun Yasab kəndindəki əkin sahəsində üç sort kartof becərib. “Məhsuldarlıq ötən illərə nisbətən daha yaxşıdır. Keçən il kartof gül açan vaxtı dolu yağdı. Bitkilər məhv oldu. Əkdiyimiz toxum zay oldu. Bu il isə hava şəraiti nisbətən mülayim keçir. Yığımın ilk günlərində məhsuldarlığın yaxşı olduğunu görürük. Hər hektardan 25-30 ton kartof əldə edəcəyik”, - deyə o bildirib.

Fermer Rəvayət Nəzərov elit toxumlar əkdiklərini, bu səbəbdən də sağlam və keyfiyyətli məhsul topladıqlarını deyib. Hazırda işçilər əl əməyi və texnikaların köməyi ilə kartofu kisələrə yığaraq qablaşdırmaqla məşğuldurlar.

Qusarda kartof yığımı sentyabrın sonunadək başa çatdırılacaq. Daha sonra məhsulun çeşidlənməsi və satışı həyata keçiriləcək.

Bu il Qusarda 2 min 273 hektar sahədə kartof əkilib. Hər il rayonda 30 min tondan çox məhsul yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.