REGİONLAR
Qusarlı təsərrüfatçılar taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar VİDEO
Qusar, 28 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusarlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mübarizə tədbirləri may ayının sonunadək bütün əkin sahələrində yekunlaşacaq. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir.
Təsərrüfatçı Elşən Qurbanov bildirib ki, sarıçiçək və digər alaq otlarının inkişaf etməməsi üçün hər hektara 2,2 litr herbisid su ilə qatışdırılaraq çilənir. Daha çox yayılan alaq otlarından biri də vələmirdir ki, ona qarşı da xüsusi herbisid tətbiq olunur. Yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacovun sözlərinə görə, cari ilin məhsulu üçün 23 min hektardan çox sahədə taxıl əkilib. Bunun 15 min 120 hektarı buğda, qalanı arpadır. Rayon ərazisində əkinəyararlı torpaqların 70 faizi dəmyə sahələrdir.
Mübarizə tədbirləri taxıl bitkisinin sünbül fazasına çatmasına qədər aparılmalıdır. Bu dövr taxılın əkinindən asılı olaraq mayın sonunadək davam edə bilər.