REGİONLAR
Quşçuluq və heyvandarlıqla məşğul olan fermerlərə təlimlər keçirilib
Bakı, 4 iyul, AZƏRTAC
Gədəbəy və Tovuz rayonlarında quşçuluq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib. Təlimlər Gədəbəy və Tovuz rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat və idarə şəraitində aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tovuzdakı təlimdə iştirak edən fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib. Xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu qeyd edilib. Eləcə də, təlimdə sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, ilin əvvəlindən Tovuz rayonu ərazisində mövcud olan 116 min baş quşda “H” vaksini, 667 min 171 baş cücədə isə “La-sota” ştammı ilə profilaktik peyvəndləmə aparılıb. Eləcə də, “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir.
Gədəbəy Rayon Baytarlıq İdarəsində isə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb.
Heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də, qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumat verilib.
Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə danışılıb.
Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.
Təlimlərdə, həmçinin xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb.
Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.