REGİONLAR
“Qutadqu-bilik” türk-islam ədəbiyyatının ilk bədii əsəridir
Naxçıvan, 19 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə təşkil etdiyi “Qutadqu-bilik”: türk-islam ədəbiyyatının ilk bədii əsəri” adlı elmi konfransda kitabın əhəmiyyətindən danışılıb.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək, “Qutadqu-bilik”in türk dünyasının şah əsərləri olduğunu deyib. Qeyd edib ki, XI əsr türk mədəniyyətinin böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edən və onun cəmiyyətdəki vəzifəsini təyin edən həyat fəlsəfəsi sistemini yaradıb. Dörd təməl - qanun, qut, ağıl və qənaət üzərində yazılan “Qutadqu-bilik” Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlandırılan insanların söhbəti əsasında qurulub. Əsərin ilk 10 fəsli Tanrı və peyğəmbər, dörd xəlifə, Buğra xanın tərifi, ulduzlar, biliklə ağlın xüsusiyyətləri, yaxşılığın faydaları, dilin məziyyətləri və digər dərin fəlsəfi məna daşıyan məsələlərə ayrılıb.
Dilçi alim qeyd edib ki, “Qutadqu-bilik”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 6600 beytdən ibarət məsnəvi şəklində yazılmış poemada rübai formasından da istifadə olunub. Müəllif əsərdə folklor motivlərindən, xalq həyatı və məişəti ilə bağlı bədii obraz və bənzətmələrdən geniş istifadə edib.
Bildirilib ki, bugünkü türkcədə “qut” səadət, xoşbəxtlik demək olduğundan Yusif Balasaqunlunun ana dilində yazdığı “Qutadqu-bilik” indi “Xoşbəxtliyə aparan elm” kimi tərcümə olunur.
Tədbirdə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin ““Qutadqu- bilik” poeması və onun türk dil və ədəbiyyatı tarixində yeri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Qutadqu-bilik” və ədəbi ənənələr” və Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Qutadqu-bilik” həyat fəlsəfəsi sistemidir” mövzusunda məruzələri diblənilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamla təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda “Qutadqu-bilik” əsəri də var.