REGİONLAR
Quzanlıda pambıqçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
Ağdam, 4 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayon Quzanlı qəsəbəsində Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, pambıq istehsalıçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib.
Pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs olunarkən diqqətə çatdırılıb ki, əgər ötən il rayon ərazisində 351 hektarda pambıq əkilmişdisə, bu il 3 min hektardan artıq sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Artıq 3025 hektar sahə şumlanıb, malalanıb və çiyid səpininə başlanılıb. Əsasən “CTS Aqro” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Ağdam Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Kənd təsərrüfatı idarəsinin rəisi Allahverən Əliyev, mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə, fermer Həsrət Səfərov və başqaları çıxış edərək, pambıqçılığın inkişafı, pambığın aqrotexniki qaydalarla becərilməsi, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.