DÜNYA
Qvineyada hərbi çevriliş baş verib, Alfa Konde həbs olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
Qvineyada qiyamçıların lideri polkovnik Mamadi Dumbuya Prezident Alfa Kondenin həbs olunduğunu elan edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, M. Dumbuya ölkədə sosial, siyasi və iqtisadi vəziyyətin həddən artıq ağır olduğundan hərbçilərin Qvineyanın gələcəyi üçün məsuliyyəti öz üzərlərinə götürmək barədə qərar qəbul etdiklərini bildirib.
Polkovnik ölkədə Konstitusiyanın qüvvəsini dayandırdığını, parlamentin buraxıldığını, sərhədlərin bağlanıldığını bəyan edib və hərbçiləri kazarmalarda qalmağa çağırıb. O, Milli Birlik və İnkişaf Komitəsinin lideri postunu tutduğunu bildirib.
Qeyd edib ki, bu Komitənin məqsədi dövlətin qarşısında duran problemlərin həlli üçün ölkənin bütün vətəndaşlarını birləşdirməkdir.
Bu arada BMT-nin Baş katibi Antoniu Quttereş öz tivitter səhifəsində Qvineyada dövlət çevrilişini pislədiyini bildirib.
"Qvineyadakı vəziyyəti çox yaxından izləyirəm. Hökumətin silah gücü ilə ələ keçirilməsini şiddətlə qınayıram və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasına çağırıram”,-deyə BMT-nin Baş katibi vurğulayıb.