İQTİSADİYYAT
“RABİTƏBANK” BMK XƏTTİ İLƏ ALINMIŞ KREDİTLƏRİ VERMƏYƏ BAŞLAMIŞDIR
“Rabitəbank” Səhmdar-kommersiya Bankı Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün ayırdığı kredit xəttinin ikinci tranşı çərçivəsində kreditlər verməyə başlamışdır. İndiyə qədər 237 min ABŞ dolları həcmində kredit verilmişdir. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin mayında BMK ilə imzalanmış kredit sazişində banka 6 il müddətinə 1,2 milyon ABŞ dolları ayrılması nəzərdə tutulmuşdur və kredit 2 ildən sonra qaytarılmağa başlayacaqdır.
Hələlik banka bu məbləğin yarısı verilmişdir, BMK ekspertləri gələn ilin yanvar ayında layihələri qiymətləndirdikdən sonra isə tranşın qalan hissəsinin alınacağı gözlənilir. Kredit xəttinin faiz dərəcəsi LİBOR+4,25 faiz səviyyəsində müəyyən edilmişdir. Sazişə görə, bir kreditin maksimal məbləği 150 min ABŞ dollarından çox olmamalıdır.