ELM VƏ TƏHSİL


RABİTƏ NAZİRLİYİNİN 7 İŞÇİSİ ODESSADA TƏHSİL ALACAQDIR

Avqustun 22-də Rabitə Nazirliyində bu il Odessa Rabitə Akademiyasının tələbəsi adını qazanmış 7 rabitəçi - Göyçək Nağıyeva, Məhəmməd Mirzəyev, Mahir Əliyev, Taleh Əliyev, Eldar Balaşov, Rauf Kərimov, Səxavət Hacıyevlə görüş keçirilmişdir. Onlar Bakı Rabitə Kollecini fərqlənmə diplomu ilə bitirmiş məzunlardır və elan olunmuş müsabiqədən keçərək, test imtahanları vermiş 11 nəfər arasından seçilmişlər.

Görüşü nazir Nadir Əhmədov açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin yüksək təhsilli rabitəçi kadrlaın yetişdirilməsi barədə tövsiyəsinə dönmədən əməl olunur. Əlbəttə, ötən əsrin 90-cı illərinin əvvəllərində bu barədə düşünməyə belə dəyməzdi. Xaos, başıpozuqluq, vətəndaş müharibəsi təhlükəsi adamların diqqətini belə məsələlərdən yayındırdı, onlar yalnız ailənin bir qarın çörəyi, özlərinin və yaxınlarının təhlükəsizliyi barədə düşünürdülər. Möhtərəm Heydər Əliyev hakimiyyətə qayıtdıqdan və ölkədə sabitlik bərpa olunduqdan sonra digər problemlərlə yanaşı, gənclərin təhsili, peşəkar kadrların hazırlanması da diqqət mərkəzində saxlanıldı. Elan etdiyimiz müsabiqədə qalib gəlmiş və uğurla imtahan vermiş bu gənclər Odessada nazirliyin hesabına təhsil alacaqlar. Onlara hər ay təqaüd veriləcək, illik təhsil haqları ödəniləcəkdir.

Həm nazir, həm də digər natiqlər tələbələrə təhsildə uğurlar arzulamış, onların dost Ukraynada Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduqlarını bildirmişlər.

Tələbələr adından Göycək Nağıyeva və Mahir Əliyev göstərilən qayğı və etimada görə minnətdarlıqlarını bildirmiş, yaxşı oxuyacaqlarına, kollektivin etimadını doğruldacaqlarına, ölkəmizi layiqincə təmsil edəcəklərinə söz vermişlər.

Gənclərə “Rabitəçi” mahnısının sədaları altında hədiyyələr - tədris ləvazimatları, müxtəlif məlumat kitabları və ensiklopedik nəşrlər, mahnılarımız yazılmış videokasetlər, Azərbaycan bayrağı və sair təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.