İQTİSADİYYAT
RABİTƏ SAHƏSİNDƏ YENİ İŞ YERLƏRİ AÇILACAQDIR
Rabitə Nazirliyi “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Republikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanına uyğun olaraq yeni iş yerləri açmaq üçün tədbirlər planı hazırlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, plana əsasən, hər il təxminən, 250 iş yeri təşkil etməklə beş il ərzində 1000 nəfərdən artıq adam işə götürüləcəkdir. Rabitəçilər ölkəmizin başçısı İlham Əliyevin yeni formalaşmış Nazirlər Kabinetinin ilk iclasında dediyi “Məqsədimiz odur ki, növbəti beş ildə Azərbaycanda 600 min iş yeri açılsın” sözlərini fəaliyyət proqramı kimi qəbul etmişlər.
Yeri gəlmişkən, 2001-ci ildən indiyədək rabitə sahəsində 1200 nəfərdən çox adam işlə təmin olunmuşdur.