İQTİSADİYYAT
RABİTƏ XİDMƏTLƏRİNİN TARİFLƏRİ AŞAĞIDIR
Rabitə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və Moldovadan savayı MDB-nin digər ölkələrində şəhərdaxili telefon danışıqları üçün vaxta görə ödəniş sistemi tətbiq olunur. Aylıq abunə haqqı daxilində danışıq limiti Belorusda 60, Gürcüstanda 300, Qırğızıstanda 400, Rusiyada 613, Ermənistanda 360, Özbəkistanda 180, Ukraynada isə175 dəqiqə həcmində müəyyən olunmuşdur.
Azərbaycanda aylıq abunə haqqı 0,67 dollar olduğu halda, Ermənistanda 1,53, Gürcüstanda 1,36, Qazaxıstanda 1,44, Rusiyada 3,5, Ukraynada isə 1,9 dollardır.
Ölkəmizdə küçələrdəki adi tasofonlardan istifadə üçün də heç bir vaxt məhdudiyyəti qoyulmur - cəmi 500 manat, yəni 10 sent ödəmək lazım gəlir. Həmin xidmət üçün, 3 dəqiqəlik vaxt məhdudiyyəti qoyulmaqla, Ermənistanda 10, Rusiyada 15, Türkmənistanda isə 19 sent ödəmək lazımdır.
Azərbaycanda poçt rabitəsi xidmətləri üzrə tariflər də nisbətən aşağıdır. Belə ki, ölkə daxilində 20 qramadək sadə məktubun göndərilməsi üçün Azərbaycanda 10 sent ödəmək lazım gəlirsə, Ermənistanda bu, 12 sentə başa gəlir. Yaxud pul baratlarının göndərilməsi üçün 1,5 faiz tarif qiyməti müəyyən edildiyi halda, bu xidmətə görə Ermənistanda 8, Gürcüstanda 6, Tacikistanda 10, Qazaxıstanda isə 5 faiz ödəniş tələb olunur.