DÜNYA
RƏCƏB TAYYİB ƏRDOĞAN: TÜRKİYƏ AVROPANIN ƏLİLİ DEYİLDİR
Ərdoğan demişdir: “Avropa Birliyinin əvvəlki genişlənmə prosesində ona daxil olan ölkələrin namizədliyi ilə əlaqədar heç bir referendum keçirilmədi. Odur ki, belə yanaşmanın Türkiyəyə qarşı tətbiqi indiyədək həyata keçirilən daxilolma prosedurlarına ziddir. Demokratiyaya və insan hüquqlarına gəldikdə, Türkiyə bu sahədə bəzi AB ölkələrini qabaqlayır. Avropa Komissiyasının bu yaxınlardakı məruzəsində dəqiq şəkildə göstərilir ki, Türkiyə bu sahədə öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmişdir. Yüz il bundan əvvəl ölkəmizi Avropanın əlili adlandırırdılar. Elə həmin şəxslər indi də bizi Avropadan uzaqlaşdırmağa can atırlar. Doğrudanmı, Avropa xristian klubuna çevrilib? Əgər belədirsə, onda bəs nə üçün Türkiyəni NATO-nun, eləcə də bir çox digər Avropa təşkilatlarının lap ürəyinə qəbul etmişlər? Türkiyəni gah Avropa kimi tanıyırlar, gah da yox. Belə mövqe əsla məqbul deyildir”.