SİYASƏT


RADA UÇUŞA İCAZƏ VERİR

Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın aeronaviqasiya xidməti müəssisələri indi Aeronaviqasiya Xidmətinin İnkişafı Assosiasiyasında (RADA) birləşmişlər.

RADA Azərbaycanın və Ukraynanın təşəbbüsü ilə ötən il iyunun 18-də Bakıda yaradılmışdır. Uçuşların təhlükəsizliyinin artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və sair məsələlər assosiasiyanın fəaliyyətinin öncül istiqamətlərindəndir. RADA Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və başqa belə qurumlar tərəfindən artıq tanınmışdır və digər ölkələr də ona maraq göstərirlər.

AZƏRTAC-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Ukraynanın havada hərəkətə xidmət dövlət müəssisəsinə (“Ukraerorux”) 666,83 min dollar məbləğində qrant ayırmışdır.

Qrant rabitə, naviqasiya və müşahidə sistemlərinin tətbiqi, habelə havada hərəkətin təşkili regional planının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün verilmişdir.

Qrant sazişini ABŞ və Ukrayna hökumətləri adından Birləşmiş Ştatların bu ölkədəki səfiri Karlos Paskual və “Ukraerorux”un baş direktoru Yuri Çeredniçenko imzalamışlar. Sazişin imzalanması mərasimində Azərbaycan, Gürcüstan və Moldovanın aeronaviqasiya üzrə provayder təşkilatlarının rəhbərləri də iştirak etmişlər.

Eyni zamanda, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova aeronaviqasiya xidməti müəssisələrinin rəhbərləri Aeronaviqasiya Xidmətinin İnkişafı Assosiasiyasının regional Nizamnaməsini imzalamışlar.

Tədbirdə Azərbaycanı “Azərbaycan Hava Yolları” Dövlət Konserni “Azəraeronaviqasiya” müəssisəsinin direktoru Valeri Sultanov təmsil edirdi. O, iki il müddətinə Aeronaviqasiya Xidmətinin İnkişafı Assosiasiyası Şurasının sədri seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.