SİYASƏT
RAUF ARİFOĞLU QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNİ DÖYDÜRMÜŞDÜR
Veteran Elnur Əhmədov bildirmişdir ki, Qarabağ uğrunda döyüşlərdə müxtəlif bədən xəsarətləri aldığına baxmayaraq, “Yeni Müsavat” qəzetinin redaksiyasında rast gəldikləri fiziki təcavüz əsl vəhşilik olmuşdur.
Hadisənin kökü isə belədir. Hazırda birinci qrup əlil olan Vahid Əliyev və adı çəkilən Elnur Əhmədov 1992-ci ildə Naxçıvan MR-in Sədərək rayonunda hərbi xidmət keçmişlər. Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsünün açılış mərasimində ictimai asayişin təmin olunmasına yaxın ərazilərdə xidmət keçən əsgərlər də cəlb edilmişdilər. Onların arasında Vahid və Elnur da olmuşlar.
Həmin vaxt İsa Qəmbərov Azərbaycan Ali Sovetinin sədri kimi tədbirdə iştirak edirmiş. O, çıxış üçün söz alsa da, mərasim iştirakçıları onun danışmasına imkan verməmiş, təkidlə tələb etmişlər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çıxış etsin. Camaatı sakitləşdirə bilməyəcəyini anlayan İsa Qəmbərov “... Yaşasın Türk dünyasının dünya şöhrətli siyasətçiləri Heydər Əliyev və Süleyman Dəmirəl!” - deyərək tribunadan çəkilməyə məcbur olmuşdur.
Mərasimdəki həmin məqamı yaddaşlarında saxlamaları keçmiş döyüşçülərin müsavatçılar tərəfindən təzavüzə məruz qalmalarına səbəb olmuşdur. Onlar Sədərəkdəki həmin hadisəni qələmə alaraq, bir neçə qəzet redaksiyasına müraciət etmişlər. Lap axırda isə “Yeni Müsavat”ın redaksiyasına gəlmişlər. Rauf Arifoğlu məqaləni oxuyan kimi veteranları ağır söyüşlərlə təhqir etməyə başlamış, sonra isə göstəriş vermişdir ki, onları çölə atsınlar. Birinci qrup əlil Vahid Əliyev ayaqlarının protez olduğunu desə də, müsavatçılar buna məhəl qoymadan onu pilləkənlərdən aşağı sürümüşlər. Nəticədə onun protezləri qırılmışdır.
Fiziki və mənəvi təcavüzə məruz qalan keçmiş döyüşçülər kömək üçün küçədəki polis–patrul xidmətinin əməkdaşlarına müraciət etmişlər. Səbail rayon polis şöbəsinin əməkdaşları zərərçəkənlərin yanına gələrək onları dindirmişlər.
1 nömrəli poliklinikadan verilən arayışda göstərilir ki, keçmiş döyüşçülərin hər ikisi bədən xəsarəti almışdır.
Onlar mətbuat konfransında Mətbuat Şurasına, deputatlara, insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarına, habelə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, insan əxlaqına zidd olan bu təzavüzü törədənlərə qarşı ciddi tədbir görülməsini tələb etmiş, əks halda, bütün əlil və veteranların onların müdafiəsinə qalxacağını vurğulamışlar.
Vahid Əliyev “Yeni Müsavat” qəzetinin redaksiyasına gedəndə döyüləcəyinizi bilmirdinizmi?” sualının cavabında belə demişdir:
-Rauf Arifoğlu dəfələrlə bildirib ki, “Yeni Müsavat” bütün müəllifləri hörmətlə qarşılayır. Bu da onların hörmətləri! Biz, sadəcə, onlarca redaksiyaya təqdim etdiyimiz məqalənin bir surətini də onlara verdik. Məqaləni qəzetdə dərc etməyə də bilərdilər. Daha bu qeyri-insani davranış nə üçün lazım idi? Başa düşürük ki, Rauf Arifoğlu özü fərari olduğu üçün bizi anlaya bilməz. Müsavat partiyasının və redaksiyanın işçilərinin bizə olan münasibətindən bir daha anladım ki, onların heç birinin daxilində Vətən hissi yoxdur. Əgər olsaydı, Vətən uğrunda canını əsirgəməyən fədailəri bu hala salmazdılar.