İQTİSADİYYAT
REGİONAL İNKİŞAFIN BÜDCƏ TƏMİNATINA DİQQƏT YETİRİLMƏLİDİR
Dövlət İqtisad Universitetinin prorektoru Mirdaməd Sadıqov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2004-cü il üçün dövlət büdcəmizin həcmi 1,2 milyard ABŞ doblları təşkil edir. Mən müqayisə üçün digər ölkələrin büdcələri ilə də maraqlanmışam. Avstriya büdcəsi 1970-80-ci illərə nisbətən cəmi 18-20 faiz, Azərbaycanın büdcəsi isə 1997-ci ilə nisbətən 2 dəfədən çox artmışdır. Özü də bu artım vergi ödəyicilərinin sayının azalması hesabına əldə edilməmişdir. Əksinə, onların da sayı artmışdır. Büdcəmizin sosıal və sərmayəyönümlü olması sevindiricidir. 2004-cü il büdcəsinin 60 faizini sosıal xərclər təşkil edir, sərmayə qoyuluşu isə bütün mənbələr hesabına 3,7 milyard dollar planlaşdırılmışdır.
Məni narahat edən məsələ budur ki, regionların inkişafına büdcədən yönəldilən vəsaitin miqdarı çox azdır. Regional inkişafın büdcə təminatı, mövcud iqtisadi zonalarda büdcənin iştirak səviyyəsi diqqət mərkəzində saxlanılmalıdır.
Digər məsələ əhalinin əmanətlərinin qaytarılması ilə bağlıdır. Təəssüf ki, nə 2004-cü il büdcəsinin layihəsində, nə də 2005-ci il ücün proqnozlarda bu, nəzərdə tutulmur. Yaxşı olardı ki, müzakirə olunan layihədə heç olmasa 75 yaşdan yuxarı vətəndaşların əmanətlərinin qaytarılmasından ötrü vəsait ayrılsın. Həmin məsələni büdcədə nəzərdə tutulmuş sabitləşdirmə fondunun hesabına həll etmək olar.