REGİONLAR
REGİONDA KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Respublikamızda aqrar islahatlara başlandığı ilk vaxtlarda Dünya Bankının elan etdiyi müsabiqənin qalibi olan Gəncə Biznes Qrupu bu yaxınlarda fəaliyyətini başa çatdırmaq üzrə idi. Lakin bəzi maliyyə təşkilatları və Özəl Bölmənin İnkişafına Yardım Agentliyi biznes qrupunun bölgə üçün vacibliyini nəzərə alaraq, onun fəaliyyət müddətini daha iki il artırmağı qərara almışlar. Bununla əlaqədar, qrupun əməkdaşları yeni tədbirlər proqramı hazırlamışlar. Həmin proqrama əsasən, əvvəllər 6 rayonda mövcud fermer mərkəzlərinin sayı artırılaraq 9-a çatdırılmışdır. Bundan əlavə, Ağstafa və Qazax rayonlarında da belə mərkəzlərin açılmasına hazırlıq görülür. Kənd təsərrüfatında biznesin inkişaf etdirilməsi ilə bağlı iki illik layihə çərçivəsində fermerlərə maliyyə vəsaiti verilməsi də nəzərdə tutulmuşdur.
Gəncə Biznes Qrupunun rəhbəri Mətləb Nəcəfov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu ilin may ayından indiyədək 800 fermerə kredit verilmişdir.Yeni layihəyə əsasən, ilin axırınadək daha 200 nəfərə güzəştli maliyyə yardımı ediləcəkdir. Hazırda biznes qrupunun təlim mərkəzində bu sahədə işləyəcək mütəxəssislərin hazırlanması məqsədi ilə iki həftəlik məşğələlərə başlanmışdır. Məşğələdə fərqlənən mütəxəssislər fermerlərə lazımi köməklik göstərmək üçün bölgənin müxtəlif rayonlarına göndəriləcəkdir.