DÜNYA
REMBRANDTA SƏNƏT İNCİLƏRİ YARATMAQDA ÇƏPGÖZLÜYÜ KÖMƏK EDİRMİŞ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Harvard Universitetindən olan neyrobioloq Marqaret Livinqstoun dahi holland rəssamının 36 avtoportretini araşdırmış və onun çəpgöz olduğunu müəyyən etmişdir. Rəssamın kətan üzərində çəkdiyi bütün əsərlərində və qravürlərində onun gözlərinin baxma istiqaməti paralel deyildir, onların arasında təxminən 10 dərəcə fərq var.
Rəssamın yalnız bir əsərində onun çəpgözlüyünün “izləri” görünmür. Buna görə də tədqiqatçı belə bir nəticəyə gəlmişdir ki, həmin əsəri, əslində, Rembrandt yox, onun şagirdi yaratmışdır.
Beləliklə, Rembrandt, çox güman, stereoskopik görmənin bütün dolğunluğu ilə dünyanı olduğu kimi, normal qavraya bilməmişdir. Levinqstoun güman edir ki, rəssama öz sənət incilərini yaratmaqda məhz bu kömək etmişdir. Axı, rəssam dünyanı adi bir kətanda təsvir etməli idi. Sən demə, fiziki qüsurun da öz üstünlüyü varmış, yaxud, yanlış da bir naxışdır.