ELM VƏ TƏHSİL


RESPUBLİKANIN ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR

İyulun 18-də 2003-2004-cü tədris ili üçün I və IV ixtisas qrupları üzrə respublikanın ali məktəblərinə qəbul imtahanı keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində 25 min 530, Naxçıvan şəhərində isə 1285 abituriyent qəbul imtahanı vermişdir. İmtahan üçün ölkə paytaxtında 57, Naxçıvanda 2 bina ayrılmışdır. İmtahana bilavasitə rəhbərlik üçün 189 qabaqcıl elm xadimi, nəzarət üçün isə orta məktəblərdən 1664 nəzarətçi-müəllim cəlb edilmişdir.

İyulun 14-dən başlayaraq imtahan rəhbərləri və bina nümayəndələri TQDK-da müvafiq təlimatlar keçmişlər. İmtahanların mühafizəsi respublikanın güc strukturları tərəfindən həyata keçirilir.

Abituriyentlərə verilmiş “Yaddaş kitabçası”nda onların qəbul imtahanındakı vəzifələri və hüquqları aydın göstərilmişdir. Ötən il olduğu kimi, bu il də imtahanın sonunda onlara “Sual kitabçası”nı özləri ilə aparmağa icazə verilir. “Yaddaş kitabçası”nda qeyd olunmuşdur ki, nəzarətçi-müəllimin işindən narazı olan abituriyent bu barədə imtahan rəhbərinə müvafiq sənəddə yazılı məlumat verə bilər. TQDK tərəfindən hazırlanmış texnologiya imtahan binasında abituriyentin rastlaşacağı hər hansı bir problemi yerindəcə həll etməyə imkan verir. Binanı tərk etdikdən sonra isə onların TQDK-ya daxil olmuş şikayət və müraciətlərinə baxılmır. İmtahana mobil telefon, peycer, kalkulyator, “şparqalka”, çanta, müxtəlif cədvəllər və bu kimi köməkçi vəsaitlər gətirmək qadağandır. Əgər bu sadalanan əşyalar aşkar edilərsə, abituriyent imtahandan xaric olunur.

Əvvəlcədən hansı binada imtahanda iştirak edəcəklərini bilməyən nəzarətçi-müəllimlər səhər saat 8-dən gec olmayaraq xüsusi toplanış məntəqələrinə gəlir və oradan imtahan binalarına yollanırlar.Təlimatda qeyd olunmuşdur ki, hər hansı bir məlumat almaq üçün abituriyentlərə yaxınlaşmaq və imtahanı qurtarıb çıxmış abituriyentin “Cavab kartını” açıqda saxlamaq nəzarətçi-müəllimlərə qəti qadağandır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahanın gedişini izləmək və fövqəladə hallar üçün təcili qərar qəbul etmək məqsədilə operativ qərargah yaradılmışdır. İmtahanı izləmək istəyənlər TQDK-nın İnternet saytından istifadə edə bilərlər. Sayt belədir: www.tqdk.gov.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.