ELM VƏ TƏHSİL


RESPUBLİKANIN ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SİYAHISI DƏRC OLUNMUŞ VƏ İNTERNET SAYTINDA YERLƏŞDİRİLMİŞDİR

2003/2004-cü tədris ili üçün respublikanın ali məktəblərinə qəbul olan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunmuş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İnternet saytında yerləşdirilmişdir.

Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ali məktəblərə planda nəzərdə tutulmuş 27 min 462 yerə 21min 345 abituriyent, o cümlədən dövlət ali təhsil müəssisələrinə 19 min 509 nəfər yerləşdirilmişdir. Qəbul qaydalarının 8-ci bəndinə əsasən, ali məktəblərin bütün şöbələrinə (əyani, axşam, qiyabi) qəbul olan abituriyentlər avqustun 15-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK-nın ali məktəblərə göndərdiyi qəbulolunanlar siyahısında mütləq imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməyən abituriyentlər ali məktəbə qəbul olanlar sırasından xaric ediləcək və onların qəbul haqqında əmrləri ali məktəbə göndərilməyəcəkdir.

Ali məktəblərə qəbul olmayan abituriyentlər öz imtahan nəticələri haqqında TQDK-nın arayışını sənədlərini bilavasitə təqdim etdikləri sənəd qəbulu komissiyalarından ala bilərlər. Arayışda hər bir imtahan fənnindən etalon cavabların siyahısı, abituriyentin fənlər üzrə düzgün və yanlış cavabları, nisbi balları, habelə seçdiyi ixtisasların aid olduğu altqruplar üzrə topladığı ballar və həmin ixtisaslar üzrə minimum keçid balları haqqında məlumatlar göstərilmişdir. Arayışlar pulsuz verilir. Bu arayışlardakı göstəricilərdə abituriyentlərin ali məktəbə qəbul olmamaqlarının səbəbləri tam açıqlanmışdır..

TQDK tərəfindən təşkil olunmuş apellyasiya, ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmə və orta ixtisas məktəblərinə birinci mərhələ üçün sənəd qəbulu komissiyaları, şənbə və bazar günləri də daxil olmaqla, avqustun 8-dən 12-dək hər gün saat 9-dan 18-dək fəaliyyət göstərəcəkdir. Apellyasiya komissiyasının tərkibində test metodikası şöbəsinin işçilərindən və mütəxəssis müəllimlərdən ibarət işçi qrupu abituriyentlərə testlərin məzmunu və imtahan nəticələri haqqında izahat verəcəkdir. Apellyasiya komissiyalarına müraciət edən abituriyentlər öz imtahan nəticələri barədə tam və dürüst məlumat ala bilərlər. Apellyasiya və sənəd qəbulu komissiyaları qruplar üzrə təşkil olunmuşdur: Azərbaycan bölməsində I qrup - Dövlət İqtisad Universitetinin 4-cü korpusunda; II qrup - Nərimanov rayonundakı 258 nömrəli məktəbdə; III qrup - Odlar Yurdu Universitetində; IV qrup - Azərbaycan Tibb Universitetində; V qrup - Bakı Ali Pedaqoji Qızlar Seminariyasında; rus bölməsində bütün qruplar - TQDK-nın binasında.

Azərbaycan Respublikasının dövlət və qeyri-dövlət ali məktəblərinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə haqqında elan və ixtisasların siyahısı “Abituriyent” jurnalının 6-cı nömrəsində, ali məktəblərə qəbul imtahanlarında toplanılan ballar əsasında orta ixtisas təhsili müəssisələrinə aparılacaq tələbə qəbulu elanı isə jurnalın 7-ci nömrəsində dərc olunacaqdır.

Eyni zamanda, abituriyentlərin nəzərinə çatdırılır ki, həmin komissiyalarda ərizə formasının və cavab kartının doldurulmasında, imtahanın texnoloji tələblərinin yerinə yetirilməsində səhvlərə yol verənlərin, habelə hər hansı səbəblərdən imtahanda iştirak etməyənlərin, “Abituriyentin yaddaş kitabçası”nda qeyd edilmiş davranış qaydalarını pozanların müraciətlərinə baxılmır. Abituriyent apellyasiya komissiyasına şəxsən gəlməlidir. Apellyasiyaya abituriyentin qohumu, dostu, tanışı və başqa şəxslər buraxılmır. Ali məktəblərə qəbul qaydalarının 10-cu bəndinə əsasən, bir ali məktəbdən başqasına köçürülmək, təhsil formasını və ya ixtisasını dəyişdirmək və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərə baxılmır. Apellyasiya müddəti başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir şikayət qəbul olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.