Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RESPUBLİKANIN ENERJİ SİSTEMİNDƏ BAŞ VERMİŞ QƏZANIN SƏBƏBLƏRİNİN ARAŞDIRILMASI VƏ NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ KOMİSSİYANIN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2002-ci il iyul ayının 13-də saat 23.04-də Ağsu rayonunun ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərində qəza baş vermişdir.

Bunun nəticəsində enerji sisteminin tarazlığı pozulmuş, elektrik stansiyalarının enerji blokları açılmış və təxminən 2 saat müddətində respublikanın əksər ərazisində enerji təchizatı olmamışdır.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində ilk növbədə həyat əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilməsi bərpa edilmiş, enerji sisteminin fəaliyyətinin tam bərpası üçün konkret tədbirlər həyata keçirilir. Baş vermiş qəzanın səbəblərini araşdırmaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1.Aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

A.Şərifov - Azərbaycan Respublikası baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri

Komissiyanın üzvləri

M.Kərimov - Azərbaycan Respublikasının yanacaq və energetika naziri

F.Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Y.Hümbətov - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

O.Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

T.Babayev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Y.Şelaginov - Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini

T.Əliyev - Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

E.Pirverdiyev - “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti

S.İsmayılov - Azərbaycan Respublikası Nazirlər Kabinetinin maşınqayırma və energetika şöbəsinin müdiri

2. Komissiyaya tapşırılsın ki, baş vermiş qəzanın nəticələrinin təcili surətdə aradan qaldırılmasını təmin etsin, Azərbaycan Respublikasının bütün ərazisində normal elektrik enerjisi təchizatı həyata keçirilsin, qəzanın səbəblərini müəyyən etsin və görülən işlər barədə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin