İQTİSADİYYAT
RESPUBLİKANIN MAŞINQAYIRMA MÜƏSSİSƏLƏRİ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILIR
“Azərneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin altı müəssisəsində beynəlxalq standartlara uyğun məhsul buraxılışı üzrə sertifikatlar almaq istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Cəmiyyətdən müxbirimizə bildirmişlər ki, 4 müəssisə -Bakı neft-mədən avadanlığı, Zabrat, Suraxanı və Səttarxan adına maşınqayırma zavodları məhsulları Amerika Neft İnstitutunun APİ standartı ilə istehsal etmək, AzNMAŞ Elmi-Tədqiqat Layihə İnstitutu və NeftMAŞ xüsusi konstruktor bürosu isə öz layihələrini Beynəlxalq İSO standartına uyğunlaşdırmaq üçün əməli işə ən vacib mərhələdən-kadr hazırlığı problemlərinin həllindən başlamışdır. İndi həmin müəssisələrin ötən il Yaponiyada təhsil alan və beynəlxalq keyfiyyət menecmenti ixtisası üzrə sertifikatlara layiq görülən 8 mütəxəssisi yapon ekspertləri ilə birlikdə 78 nəfərdən ibarət 11 qrupa müasir standartların tətbiqi üsullarından dərs deyirlər. Yaxın vaxtlarda dinləyicilərə müvafiq sertifikatlar veriləcəkdir. Səttarxan adına zavodda təşkil edilmiş bu kurslarda mütəmadi olaraq, yeni kadrlarlar hazırlanacaqdır.