SİYASƏT
RESPUBLİKA BAŞ PROKURORUNUN VƏZİFƏSİNİ İCRA EDƏN ELDAR HƏSƏNOVUN ÇIXIŞI
- Möhtərəm Prezident!
Hörmətli müşavirə iştirakçıları!
İlk növbədə qeyd etmək istəyirəm ki, son günlərdə baş verənlər təsadüfi hadisələr deyildir. Sözsüz, bu hadisələrin artıq məlum olan kökləri var və digər tərəflərini də istintaq araşdırır.
Son günlərdə yenə də konstitusiya orqanlarına qarşı qanunsuz hərəkətlər, xüsusi təhlükəli cinayətlər törətmək, hakimiyyət uğrunda konstitusiyaya əsaslanmayan üsullarla mübarizə aparmaq, qan bahasına öz müstəqilliyini əldə etmiş Azərbaycan dövlətçiliyinə qarşı qəsdlər həyata keçirmək, xalqımızın yolunu, istiqamətini çaşdırmaq, onu uçuruma və vətəndaş qırğınına doğru aparmaq xətti götürülmüşdür.
Ayın 12-13-də Qazax-Ağstafa bölgəsində baş verən hadisələrin istintaqı göstərir ki, burada yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsi hərbi hissəni xüsusi azğınlıqla tutmağa cəhd göstərmiş, orada olan texnikanı, silah və döyüş sursatını ələ keçirərək, rayon polis şöbəsinə və digər dövlət orqanlarına basqın etmişdir. Bu barədə məlumat verilmişdir. Onlar bununla kifayətlənməmiş, polisdən götürülən silahlarla silahlanıb əlavə qüvvələrlə, cinayətkar ünsürlərlə birləşərək, Ağstafada həmin əməllərini davam etdirmişlər. Lakin görülmüş tədbirlər nəticəsində Ağstafada hadisələrin qarşısı alınmışdır.
Məsələnin danışıqlar yolu ilə, sülh yolu ilə həll olunması üçün dövlət orqanları tərəfindən, xüsusilə ölkənin Prezidenti tərəfindən variantlar təklif edilməsinə baxmayaraq, səhər saat 9-da dayandıqları yerdən çıxıb getməyə söz verən Xüsusi Təyinatlı Polis Dəstəsi saat 6-da ətrafdakı hərbi hissələrə yenidən hücuma keçib, döyüş texnikası, silah, sursat əldə edərək, Tovuz və Gəncə istiqamətində irəliləmək və cinayətkar əməllərini davam etdirmək istəmişdir.
Basqınlar zamanı polis şöbəsindən cinayət işlərini, maddi dəlil-sübutları götürmək, həbsdə olanları buraxmaq və rayonun dövlət strukturlarını azğınlıqla ələ keçirmək açıq-aşkar dövlət çevrilişi cəhdidir.
İstintaq bunları təkzibolunmaz kifayət qədər sübutlarla aşkara çıxarmışdır. Bu əməllərlə kifayətlənməyən XTPD-nin və ona havadarlıq edən Cavadovların hərəkətlərinin davamı olaraq, Bakı şəhərində iki gün bundan əvvəl Nizami rayon polis idarəsinə və həmin bazanın ətrafında öz xidməti vəzifəsini yerinə yetirən polis işçilərinə hücum edilmiş, onları tərksilah etmək, mülki şəxslərə basqınlar etmək kimi azğınlığa, yəni cinayətkar əməllərə yol verilmişdir.
Son illərin kriminogen vəziyyətinin təhlili göstərir ki, bu dəstənin müəyyən hissəsi cinayətkar əməllərlə - quldurluq, soyğunçuluq və qarətlə məşğul olmuşdur. Güc nazirliyinin strukturundakı bir qurum kimi dövlət onlara silah etibar etmiş, səlahiyyətlər vermişdir. Onlar isə bundan sui-istifadə edərək, nəinki başqalarının həyatını təhlükə qarşısında qoymuş, hətta bu silahı dövlətə qarşı yönəltmişlər.
Bildiyiniz kimi, keçən il oktyabrın 2-də Respublika Prokurorluğuna həmin XTPD tərəfindən basqın edilmişdir. Bütün hadisələr də ayın 2-də başlanmalı idi. Hörmətli Prezident bəzi məqamlara toxundu, – elə həmin gündən Respublika Prokurorluğu qan yuvasına çevrilməli idi, vətəndaş müharibəsi buradan başlanmalı idi. Qeyd etməliyəm ki, Respublika Prokurorluğu əməkdaşlarının təmkinli hərəkətləri nəticəsində bu dəhşətli hadisənin qarşısı alındı. Respublika Prezidentinin məsələlərə ehtiyatla yanaşmasına, vətəndaş sülhü naminə, sabitlik naminə çox böyük güzəştlərə getməsinə baxmayaraq, yenə də heç bir nəticə çıxarılmadı.
Bəli, Prokurorluq baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırmışdır, istintaq aparır. Onu da deməliyəm ki, heç bir güzəştə gedilməmişdir.
Bildiyiniz kimi, nəhayət, bu gecə Bakı şəhərində faciə baş vermiş, cinayət törədilmiş, qan tökülmüşdür. Dövlət qanunları ilə hesablaşmayan, edilən güzəştlərdən, humanist hərəkətlərdən, verilmiş imkanlardan nəticə çıxarmayan qüvvələr yenidən öz cinayətkar əməllərini davam etdirmək niyyətinə düşmüş, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin ətrafdakı silahlı qüvvələri üzərinə hücum çəkmək xətti götürmüşlər.
Fakt üzrə cinayət işi qaldırılmışdır. Peşəkarlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. İstintaq aparılır. Hesab edirəm ki, yaxın vaxtlarda istintaq bütün həqiqətləri üzə çıxaracaqdır. Onu da bildirməliyəm ki, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, konstitusiyalı hakimiyyət orqanlarına qarşı yönəldilmiş hər bir hərəkətin, hər bir cinayətin iştirakçıları cəzasız qalmayacaqlar.
APARICI: Azərbaycan Prezidentinin yanında keçirilmiş bu tarixi müşavirəni şərh etmək fikrində deyilik. Sadəcə olaraq yalandan, böhtandan, şərdən həmişə sensasiyalar yaratmaq istəyən, qaranı ağ, ağı qara görən bəzi üzdəniraq müxalifət ideoloqlarına, yazarlarına öz miskin qəhrəmanlarının həmin müşavirədə söylədiklərini bir daha xatırladırıq. Qəzet səhifələrində ən yaxın tariximizi təhrif edən Rəsul Quliyevin, Qabil Hüseynlinin mart hadisələri haqqında bu müşavirədə söylədikləri fikirlərini onların korlanmış yaddaşına bir daha çatdırırıq.