REGİONLAR
RESPUBLİKA KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ BƏRDƏDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Respublika Kənd Təsərrüfatı Nazirliyi Bərdədə Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın, Xocavənd, Tərtər və Bərdə rayonları icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, Ərazi kənd təsərrüfatı idarəsi mütəxəssislərinin, bələdiyyə sədrlərinin, rayonların toxum müfəttişlərinin, toxumçuluq təsərrüfatı başçılarının, fermerlərin, “Aqrolizinq” ASC rəhbərlərinin, torpaq mülkiyyətçilərinin iştirakı ilə zona müşavirəsi keçirmişdir.
Müşavirədə “Toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci repreduksiyası toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi qaydası” barədə Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin məlumatı dinlənilmişdir. Natiq bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində uğurla həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin gələcək nailiyyətlərinə təminat verir. Respublika Prezidentinin imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi dövlət proqramları ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafına şərait yaratmışdır. Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı da aqrar sahədə çalışan əhaliyə göstərilən qayğının təzahürüdür. Bundan əlavə, “Toxumçuluq haqqında” qanunun qəbul edilməsi kənd təsərrüfatının bütün sahələri ilə yanaşı, taxıl toxumçuluğunun inkişaf etdirilməsinə də hərtərəfli şərait yaratmışdır.
Müşavirədə taxıl toxumçuluğunu inkişaf etdirmək istiqamətində görülən işlər barədə məlumatlar dinlənilmişdir.
Müşavirədə çıxış edənlər aqrar sahənin inkişafına göstərdiyi diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Müşavirədə çoxsaylı suallar cavablandırılmışdır.
Zona müşavirəsinə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev yekun vurmuşdur.