İQTİSADİYYAT
RESPUBLİKA QAZ SƏNAYESİNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞDUR
“Qazlayihə” Elmi Tədqiqat İnstitutunun dierktoru Eldar Əliyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov, “Sumqayıt” qəzetinin redaktoru Kamran Hacıyev, “Azəriqaz” Səhmdar Cəmiyyətinin nümayəndələri və başqaları konfransda çıxış edərək, respublikada qaz sənayesinin tarixindən və inkişaf yollarından danışdılar. Qeyd olundu ki, sahənin tərəqqisi, təbii qazın hasilat və emal həcminin sürətlə artması görkəmli siyasi xadim və dövlət xadimi, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərinə təsadüf edir.
Natiqlər bildirdilər ki, hazırda Azərbaycanda ildə 5 milyard kubmetrdən çox maye yanacaq hasil olunur. Respublikanın indiki Baş naziri İlham Əliyevin təşəbbüsü sayəsində Rusiyanın “İtera” şirkəti 2001-ci ildən ölkəmizə hər il 4 milyard kubmetr qaz satır. Vaxtında həyata keçirilən bu tədbir ölkədə ciddi hal almış ekoloji problemi həll etməyə, meşə massivlərini qoruyub saxlamağa imkan vermişdir. Hələlik ölkə əhalisinin 80 faizi mavi yanacaqla təmin olunur, lakin yaxın illərdə bu problem bütünlüklə həll ediləcəkdir.
Respublikada sahənin ən iri müəssisələrindən olan Sumqayıt Qaz İstismarı İdarəsi 1958-ci ildə yaradılmışdır və şəhərə, yaxınlıqdakı qəsəbələrə xidmət edir. Sumqayıtın şimal qaz kəmərinə qoşulması işləri oktyabrda başa çatdırıldıqdan sonra şəhər və onun sənaye zonası mavi yanacaqla tam təmin olunacaqdır.
Konfransda vurğulandı ki, qaz sənayesinin yubileyi əlamətdar dövrə təsadüf edir. Respublikada seçkiqabağı kampaniyaya start verilmişdir. Onun elə ilk günü izdihamlı mitinqə toplaşan sumqayıtlılar öz seçimini birmənalı şəkildə bildirmişlər: oktyabrın 15-də onlar xalqımızın ümummilli lideri Heydər Əliyevə səs verəcəklər.
Konfrans iştirakçıları dövlətimizin başçısına müraciət qəbul etdilər.