SİYASƏT
RESPUBLİKA SARAYINDA BAYRAM MƏRASİMİ
Mayın 19-da qardaş Türkiyənin hər yerində Atatürkü anma, gənclik və idman bayramı böyük təntənə ilə qeyd olunur. Həmin gün Türkiyənin Azərbaycandakı səfirliyi bu münasibətlə Respublika sarayında mərasim keçirmişdir.
Mərasimin əvvəlində Azərbaycanın və Türkiyənin himnləri səslənmişdir.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, 19 mayın Türkiyə üçün əziz olduğu qədər Azərbaycan üçün də mühüm bir gün olduğunu söyləmişdir.
Türkiyə Cümhuriyyətinin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz çıxışında türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün xidmətlərindən söhbət açmışdır. Səfir xüsusi vurğulamışdır ki, müasir Türkiyə Cümhuriyyəti Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə uyğun olaraq, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına çalışır.
Respublika təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Tibb Universitetində təhsil alan türkiyəli tələbə Taha Koç mərasimdə çıxış etmişdir. Rəsmi hissədən sonra incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
Foto Mirnaib Həsənovundur