SİYASƏT
RESPUBLİKA ZİYALILAR CƏMİYYƏTİNİN YIĞINCAĞI
Gəncədə Respublika Ziyalılar Cəmiyyətinin yığıncağı keçirilmişdir. Cəmiyyətin prezidenti, akademik Məmmədtağı Cəfərov 400-dək üzvün iştirak etdiyi yığıncağı giriş sözü ilə açaraq, son illər ölkəmizdə iqtisadi və sosial sahələrdə qazanılmış uğurlardan, bunların əldə olunmasında dövlətimizin başçısı Heydər Əliyevin xidmətlərindən danışmışdır.
Sonra professorlar Əhməd Həsənov, Cabbar Ələkbərov, Ələddin Əsgərov, Niyaz Səfərov, şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arif Qazıyev, Xaçmaz rayon ziyalıları adından İlqar Harunov, Naxçıvan MR ziyalıları adından Qasım Əliyev və başqaları çıxış edərək, respublikamızda sabitlik yaradılmasında, ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında misilsiz xidməti olan Prezidentimizə ziyalılar adından minnətdarlıqlarını bildirmişlər. Natiqlər qeyd etmişlər ki, bütün bu nailiyyətlərə xor baxanlar da var. Bu günlərdə bir qrup “ziyalı”nın müxalifət mətbuatında dərc etdirdikləri müraciət düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Respublikamızın gələcəyini düşünən ziyalılar isə dövlətimizin başçısına inanırlar və qarşıdan gələn prezident seçkilərində ona səs verəcəklər.
Yığıncaqda dövlətimizin başçısı ilə həmrəylik ifadə edən müraciət qəbul olunmuşdur.