SİYASƏT
RİQADA “LATVİYADA YAŞAYAN AZƏRBAYCANLILARIN CƏMİYYƏTƏ İNTEQRASİYASINDA DİASPORUN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 26 may (AZƏRTAC). Riqada “Latviyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfransı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi təşkil etmişdir.
“Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin və Latviya Təhsil Nazirliyinin məşvərət şurasının sədri, Latviya Respublikası Prezidenti yanında milli azlıqlar üzrə məşvərət şurasının üzvü Roman Əliyev tədbiri giriş sözü ilə açaraq konfransın əhəmiyyətindən danışmışdır.
Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulamışdır.
Latviya parlamentinin deputatı Boris Tsileviç Azərbaycanın iqtisadi və humanitar inkişafından, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsindən, qaçqın və məcburi köçkünlərin problemlərinin həllindən danışmışdır. O, Azərbaycanın sürətli inkişafını iqtisadi resursların düzgün istiqamətə yönəldilməsinin və Azərbaycan xalqının rifahı naminə görülən işlərin nəticəsi kimi qiymətləndirmişdir. Azərbaycanın Avropaya inteqrasiyasını biz hər zaman dəstəkləyirik.
B.Tsileviç demişdir ki, Latviyadakı azərbaycanlılar Avropa İttifaqının siyasəti ilə bağlı bizim müxtəlif ictimai təşkilatlarla apardığımız müzakirələrdə fəallıq göstərirlər, bu da Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsində, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsində rol oynaya bilər.
Deputat Oskars Kastens isə çıxışında cari il mayın 20-də Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə xüsusi diqqət çəkərək bildirmişdir ki, bu sənəd Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı baxımından mühüm mahiyyət kəsb edir. Deputat Avropa İttifaqında, Belçikada və Strasburqda yerləşən digər Avropa strukturlarında təmsil olunan Latviya nümayəndələrini Azərbaycanın mövqelərini daha fəal dəstəkləməyə çağırmışdır. O, Latviyada yaşayan azərbaycanlıların həm Latviya Seyminin, həm Azərbaycan Milli Məclisinin deputatları, həm də digər müvafiq strukturlarla əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Latviya Ədliyyə Nazirliyinin nümayəndəsi İrina Vasilyeva “Ocaq” cəmiyyətinə onun ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığına və keçirdiyi bu cür ciddi tədbirlərə görə minnətdarlığını bildirmişdir. O, ölkədəki milli azlıqların, digər xalqların icmalarının yaratdığı təşkilatların fəaliyyəti haqqında da məlumat vermişdir.
Riqa Dumasının təhsil idarəsinin rəisi İvars Balamovskis “Ocaq” cəmiyyətinin latışlar və digər milli azlıqların nümayəndələri ilə əlaqələrini və Azərbaycan Bazar günü məktəblərinin təşkilini yüksək qiymətləndirmişdir. O demişdir ki, azərbaycanlı alimlər, iş adamları, tələbələr və müəllimlər milli azlıqların təhsil planının reallaşmasında və multi-mədəniyyət dialoqunun möhkəmlənməsində Riqa Dumasına hər zaman dəstək olublar.
Latviya-Azərbaycan Cəmiyyətinin fəalları Eldəniz Medov, Adıgözəl Məmmədov və Aydın Əsgərov çıxışlarında bildirmişlər ki, onların başlıca vəzifəsi həm Latviya vətəndaşları, həm də bu ölkədə yaşayan digər xalqlarla qarşılıqlı hörmət və tolerant şəraitdə yaşamaqdır. Bunun sayəsində milli mədəniyyətimizi qoruyub nəsillərdən-nəsillərə ötürə bilərik. Bizim hər birimiz üçün Azərbaycanın Avropaya inteqrasiyası və əməkdaşlığı mühüm məsələlərdəndir.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov diaspor təşkilatlarının inteqrasiya proseslərində rolu mövzusunda çıxış etmişdir.