MƏDƏNİYYƏT
RİTM layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq
Bakı, 1 iyul, AZƏRTAC
Bölgələrimizdə turizmi inkişaf etdirmək ölkə rəhbərliyinin daim diqqətindədir. Bizə bu işdə hər zaman dəstək göstərilir. Bu daimi diqqətə və dəstəyə görə Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də “Four Seasons” hotelində “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) sahibkarlıq proqramının təqdimat mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Vurğulayıb ki, “RİTM” layihəsi həm yeni başlayan startap həvəskarları, həm də mikro və kiçik sahibkarları birləşdirən bir platforma kimi fəaliyyət göstərəcək. “RİTM layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq. Proqramın hazırlanması və icrasında bir sıra dövlət və özəl təşkilatlar dəstək göstərir. Buna görə bütün tərəfdaşlarımıza və startaplar arasında keçiriləcək müsabiqənin qaliblərinə dəstək verəcək təşkilatlara təşəkkür edirəm. Tərəfdaşlarımızdan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. Bizim bir sıra layihələr üzrə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrimiz mövcuddur. KOBİA-nın regionlarda fəaliyyət göstərən sahibkarlara verdiyi dəstəyi yüksək qiymətləndirirəm, qurumun idarə heyətinin sədri Orxan Məmmədova buna görə təşəkkür edirəm. İnanırıq ki, bu cür layihələr regionlarımızın turizm potensialının effektiv istifadəsinə, turizm imkanlarının tanıdılmasına, daha çox turistin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”, - deyə Fuad Nağıyev söyləyib.