DÜNYA
RUMINİYA PREZİDENTİ BİLL GEYTSƏ PİRATLIĞIN FAYDASINDAN DANIŞDI
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, yeni Windows Vista əməliyyat sisteminin buraxılışı ilə əlaqədar bu günlərdə Rumıniyaya gedən Bill Geytsi son dərəcə qeyri-adi bir görüş gözləyirdi. “Microsoft” şirkətinin banisi ilə söhbətdə Rumıniya Prezidenti Trayan Besesku kontrafakt (saxta) proqram təminatının ölkənin inkişafına çox böyük kömək etdiyindən danışmışdır.
Besesku demişdir ki, piratlıq gənclərə kompyuterləri öyrənməyə kömək etmiş və ölkədə informasiya texnologiyaları (İNFTEX) sənayesinin inkişafına böyük töhfə vermişdir. Prezidentin sözlərinə görə, kontrafakt proqram təminatı istehsalı yerli İNFTEX mütəxəssislərinin yaradıcılıq potensialını yüksəltmiş və sonralar onların bir çoxu bütün dünyada məşhurlaşmışdır.
Şirkəti piratlıqla ən fəal mübarizə aparan firmalardan biri olan Geyts belə gözlənilməz etirafı şərh etməmişdir.
Ekspertlərin hesablamalarına görə, Rumıniya ərazisində istifadə edilən proqram təminatının 70 faizindən çoxu saxtadır. Kontrafaktın istehsalına və yayılmasına görə məsuliyyət nəzərdə tutulan qanunlar 10 il əvvəl qəbul edilsə də, göründüyü kimi, piratlar qanunvericilikdən məharətlə kənara çıxmağa müvəffəq olurlar.