RƏSMİ XRONİKA
RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN NİTQİ
Hörmətli nazirlər!
Xanımlar və cənablar!
Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm.
Mən Prezident Əliyevlə keçirdiyim görüşlər zamanı həm Prezidentin, həm də Azərbaycan hökuməti üzvlərinin bizə olan səmimiyyətini tam duydum. Eynilə biz də öz tərəfimizdən Azərbaycana çox səmimi münasibət bəsləyirik. Azərbaycan Prezidentinin söylədiyi nitqdən biz bir daha anladıq ki, iki ölkə arasında olan münasibətlərin nə qədər zəngin tarixi var. Əgər tarixi hadisələrdən danışsaq, bunlar Böyük Stefanın və Dmitri Kantemirin hökmdarlığı dövrünə təsadüf edir.
Münasibətlərimizin tarixi bizim aramızda olan etimadın daha da artırılmasına xidmət edəcəkdir. Eyni zamanda, nəinki tarixi əlaqələr, bizim yerləşdiyimiz regionların yaxınlığı da bizi bir-birimizə daha yaxın edir. Bizim üçün bu günlərdə ən vacib olan məsələ xalqlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Əgər biz xalqlarımız üçün təhlükəsizliyi təmin edə biliriksə, bu, o deməkdir ki, onlar gələcəkdə tərəqqi şəraitində yaşayacaqlar.
Biz bu gün eyni zamanda, qarşılıqlı maraq doğuran məsələləri də nəzərdən keçirdik. Hesab edirəm ki, əldə etdiyimiz razılıqlar və eyni zamanda, yerləşdiyi regionda hər iki ölkənin artan və daha da güclənən mövqeləri gələcəkdə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox möhkəm zəmin yaradır.
Cənab Prezident, Sizi bir daha əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan üçün dost ölkədir. Beynəlxalq münasibətləri qurduqda və xarici siyasəti həyata keçirdikdə daim dostluq prinsiplərinə əsaslanan Rumıniya Sizin yanınızdadır. Vəziyyətdən asılı olmayaraq, biz Sizi əmin edə bilərik ki, biz xarici siyasətimizdə rəhbər tutduğumuz mühüm prinsiplərdən heç zaman geri çəkilməyəcəyik.
Son 65 il ərzində Rumıniya kommunist sistemində yaşamışdır. İndi isə kommunist sistemi artıq mövcud deyil, Rumıniya tamamilə yeni sistem qurur. Həmin 65 il ərzində Rumıniya da bir çox çətinliklərlə üzləşmişdir. Bu gün biz öz xarici siyasətimizi həyata keçirdikdə, hər bir ölkənin ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı prinsiplərini əsas tuturuq. Biz Sizi əmin edirik ki, bu prinsiplərdən heç zaman geri çəkilməyəcəyik. Çünki bu prinsiplər bizim taleyimizdə də mühüm rol oynamışdır. Hamıya yaxşı məlumdur ki, bu prinsiplərdən çəkilən hər hansı bir tərəf gec və ya tez bundan əziyyət çəkir.
Sonda onu bildirmək istəyirəm ki, Rumıniya möhkəm, etibarlı tərəfdaş olaraq, Avratlantik strukturlara inteqrasiya prosesində Sizi daim dəstəkləyəcəkdir. Avratlantik ailəsinə qoşulmaq istiqamətində Rumıniya Azərbaycan ilə xüsusi tərəfdaşlıq qurmaqda maraqlıdır.
Çox sağ olun!
X X X
(Dövlət başçılarının nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).