SİYASƏT


RUSİYADAKI AZƏRBAYCAN İCTİMAİ TƏŞKİLATLARININ BƏYANATI

Rusiyadakı Azərbaycan diasporunu öz şəxsi məqsədləri naminə daxildən parçalamağa çalışan və Ayaz Mütəllibovun ətrafına toplaşan antiazərbaycan dairələrin bir qrup nümayəndəsi üzdəniraq “Həmyerlilər birliyi” yaratmaq məqsədi ilə mayın 12-də Moskvada “qurultay” keçirmişlər. Bu, Rusiya Federasiyasında yaşayan həqiqi vətənpərvər soydaşlarımızı təmsil edən ictimai təşkilatlar tərəfindən haqlı olaraq kəskin etirazla qarşılanmışdır. Həmin təşkilatların bununla bağlı bəyanatını oxuculara təqdim edirik.

RUSİYADAKI AZƏRBAYCAN İCTİMAİ TƏŞKİLATLARININ BƏYANATI

“Rusiya Azərbaycanlılarının Həmyerlilər Birliyi” deyilən “Ümumrusiya ictimai təşkilatı”nın mayın 12-də Moskvada təsis qurultayının keçirilməsi ilə əlaqədar Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FMMM), “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyəti, Moskvadakı “Azərbaycan” təşkilatı aşağıdakıları bəyan etməyi zəruri bilir:

Hazırda təşkilatlarımız Rusiya Federasiyasının 80 subyektində fəaliyyət göstərən və səylərini Azərbaycan diasporunu sıx birləşdirməyə və təşkilati cəhətdən möhkəmlətməyə yönəldən 100-dən artıq Azərbaycan ictimai təşkilatını birləşdirir.

Konqres və FMMM özlərini əsl ümumrusiya təşkilatları kimi göstərmiş və Azərbaycan diasporu üçün adət halını almış ikitirəlik və ziddiyyətlər əvəzinə, Rusiya azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına, Rusiya dövlətçiliyinin möhkəmlənməsi işində onların rolunun yüksəldilməsinə dair əməli proqram təklif etmiş və onu həyata keçirməyə başlamışlar.

Belə bir şəraitdə ayrı-ayrı dairələrin Rusiya azərbaycanlılarının ictimai-siyasi təşkilatı olmaq iddiasına düşən üzdəniraq “Həmyerlilər birliyi” yaratmaq üçün göstərdiyi səylər haqlı olaraq təəssüf doğurmaya bilməz. Azərbaycan diasporunun təşəkkül tapmaqda olduğu indiki mürəkkəb şəraitdə, ümumi mənafelərimiz Rusiyadakı bütün Azərbaycan cəmiyyətləri və təşkilatlarını vahid fəaliyyət proqramının həyata keçirilməsi çərçivəsində həqiqətən sıx birləşdirməyi, onların fəal surətdə əlbir işləməsini tələb etdiyi bir vaxtda azərbaycanlıların birliyi yolunda maneələr yaradılır. Üzdəniraq “Həmyerlilər birliyi” yaratmaq cəhdini ancaq belə qiymətləndirmək olar. Ondan cürbəcür siyasi avantüristlər mütləq öz şəxsi niyyətlərini həyata keçirmək üçün və nəticə etibarilə azərbaycanlıların birliyi ideyasının özünü gözdən salmaq üçün istifadə edəcəklər.

Bununla əlaqədar Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, “Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyəti, Moskvadakı “Azərbaycan” təşkilatı vahid və güclü Azərbaycan diasporu yaradılmasını ürəkdən istəyən bütün həmvətənləri, o cümlədən üzdəniraq “təsis qurultayı”nın iştirakçılarını həmrəylik və sıx birlik ideyası əsasında birləşməyə, Azərbaycan diasporu qarşısında duran mürəkkəb vəzifələri və problemləri həll etməyə qadir olduqlarını öz konkret işləri ilə sübuta yetirməyə çağırırlar.

M.Əliyev

Ümumrusiya Azərbaycan Konqresinin

prezidenti

S.Sadıqov

Rusiya Azərbaycanlılarının Federal Milli-

Mədəni Muxtariyyətinin sədri

T.Məlikov

“Ocaq” Azərbaycan mədəniyyəti cəmiyyətinin

sədri

O.Hüseynov

Moskvadakı “Azərbaycan” təşkilatının

sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.