İQTİSADİYYAT
RUSİYADAN AZƏRBAYCANA ELEKTRİK ENERJİSİNİN NƏQLİ MƏSƏLƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
Tərəflər iki qonşu ölkənin elektrik enerjisinin daha çox işlədildiyi vaxtlarda çevikliyi və təhlükəsizliyi qorumağa imkan verən ənənəvi mübadilənin davam etdirilməsinin məqsədəuyğunluğunu və zəruriliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, ayrı-ayrı regionların və Avropa dövlətlərinin vahid energetika sistemində birləşməyə doğru getdikləri bir şəraitdə Azərbaycan energetikləri inteqrasiya məsələlərinə xüsusi diqqət və əhəmiyyət verirlər. Azərbaycan əlaqələri uğurla möhkəmləndirir və qonşu ölkələrlə elektrik enerjisi mübadiləsinin həcmini artırır, enerjinin öz ərazisindən ixracı və tranziti layihələrini hazırlayır. Rusiya isə, öz növbəsində, ənənəvi və etibarlı tərəfdaş olmaqla yanaşı, əməkdaşlığın ən öncül və perspektivli istiqamətlərindən biridir.
“Rusiya Vahid Enerji Sistemi” SC departamentinin rəisi bildirmişdir ki, Rusiya energetiklərinin azərbaycanlı həmkarları ilə qarşılıqlı surətdə faydalı əlaqələri var və bunu inkişaf etdirmək lazımdır. Bununla əlaqədar, ikinci 330 kilovoltluq Yaşma-Dərbənd dövlətlərarası elektrik xəttinin çəkilməsinin arzu olunduğu bildirilmişdir.
İkigünlük iclas zamanı Rusiya və Azərbaycanın energetika sistemlərinin paralel işləməsi üçün texniki imkanlar, habelə birgə elmi tədqiqatların aparılması müzakirə olunmuşdur. Müşavirənin yekunlarına əsasən, elektrik energisi mübadiləsinin texniki cəhətlərini əks etdirən protokol imzalanmışdır.
Dispetçer qrafiklərinin razılaşdırılması və yerinə yetirilməsi ilə bağlı məsələlər də müzakirə olunmuşdur.