İQTİSADİYYAT
RUSİYADA GÖMRÜK XİDMƏTİ RƏHBƏRLƏRİ ŞURASININ 42-Cİ İCLASI İŞƏ BAŞLAMIŞDIR
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun rəhbərliyi ilə respublikamızın nümayəndə heyəti iclasda iştrak edir.
İclasda Ümumdünya Gömrük Təşkilatının Baş katibi Mişel Dane tərəfindən Qlobal Ticarətin Təhlükəsizliyinin təmin edilməsi və sadələşdirilməsi üçün Standartlar Çərçivəsinin həyata keçirilməsi konsepsiyasının MDB-nin üzvü olan dövlətlərin gömrük xidməti rəhbərlərinə təqdim edilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur. İclasın gedişində 2005-ci ilin yekunları müzakirə olunacaq, dövlət büdcəsinə xarici iqtisadi fəaliyyətə dair vergi miqdarının proqnozlaşdırılmasının metodiki əsasları, “RİLO-Moskva” MDB ölkələri üzrə Dünya Gömrük Təşkilatının Regional Rabitə Qovşağının hüquq-mühafizə işinə dair fəaliyyəti, Rusiya Gömrük Akademiyası bazasında MDB-nin üzvü olan dövlətlərin gömrük orqanları əməkdaşlarının tədrisinin vəziyyəti və perspektivlər, çap məhsulları ilə qarşılıqlı mübadilə üçün əlverişli şəraitin yaradılması haqqında sazişin layihəsi və digər məsələlər müzakirə ediləcək, Şuranın 2006-cı ilə dair iş planı təsdiq olunacaqdır.