SİYASƏT
RUSİYADA YAŞAYAN AZƏRBAYCAN GƏNCLƏRİ DÖVLƏTİN GƏNCLƏR SİYASƏTİNİ BƏYƏNİRLƏR
RAGƏŞ-in nümayəndəsi Səyavuş Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Əlaqələndirmə Şurası Rusiyada Azərbaycan Gəncləri günlərinin yekunlarına dair bəyanat qəbul etmişdir. Bəyanatda deyilir ki, gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi rəsmi nümayəndə heyətinin səfəri zamanı Rusiyadakı azərbaycanlı gənclər dövlətimizin xaricdəki diaspor gənclər təşkilatlarına göstərdiyi diqqət və qayğını hiss etmişdir.
Bəyanatda daha sonra deyilir: “Tədbirlərimizə müstəqil ideyalar verən yeni təfəkkürlü nəslin, yeni dövr və epoxanın nümayəndələri olan bizlər üçün ən başlıcası və əsası demokratiya şəraitində yaradılan imkanlardan daha dolğun istifadə etməkdir. Bu isə o deməkdir ki, Vətənimizə və xalqımıza xidmət göstərmək üçün bütün səylərimizi, bilik və enerjimizi verməyə çalışırıq. Hər birimiz tarixi Vətənimizlə və onun müasir nailiyyətləri ilə fəxr etməklə yanaşı, anlayırıq ki, Vətənimizin gələcəyi qayğısına qalmaq məhz gənc nəslin vəzifəsidir. Şübhəsiz, erməni təcavüzkarların işğal etdikləri əzəli Azərbaycan torpaqlarının hələ də azad olunmaması bizim üçün ən ağrılı problemdir. Biz bunun naminə istənilən vaxt, hətta həyatımız bahasına belə Vətənimizin və xalqımızın mənafeyini qorumağa hazırıq”.