RUSİYANIN “AVRASİYA” PARTİYASI PARLAMENT SEÇKİLƏRİNDƏ RUSİYADAKI AZƏRBAYCANLI ELEKTORATA ÜMİD BƏSLƏYİR
AzerTAg.az
RF Dövlət Dumasının deputatı, “Avrasiya” fraksiyalararası deputat birliyi şurasının sədri Əbdülvahid Niyazovun sözlərinə görə, son onilliklər göstərmişdir ki, Cənubi Qafqazın siyasət və iqtisadiyyatının açarı Azərbaycandadır. “Bakı iri meqapolisdir, Cənubi Qafqazda iqtisadi və mədəni mərkəzidir. Ona görə də Avrasiya məkanının tərkib hissəsi kimi, Cənubi Qafqaz “Avrasiya” partiyası üçün xarici siyasətdə öncül əhəmiyyətə malikdir”.
Deputat Azərbaycan ilə qarşılıqlı münasibətlərdən danışaraq vurğuladı ki, bu partiya Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə qəti tərəfdardır. Partiya Qarabağ münaqişəsinin ədalətlə nizama salınması uğrunda çıxış edir, çünki Cənubi Qafqaz kimi kiçik region barəsində ikili və üçlü standartlar tətbiq edilə bilməz və edilməməlidir. Çeçenistan probleminə bir cür, Qarabağ probleminə başqa cür yanaşmaq olmaz. Proses normal şəkildə nizama salındığı təqdirdə Qarabağdakı, digər vətəndaşlar kimi, azərbaycanlı azlığın da beynəlxalq birlik tərəfindən təminat verilmiş hüquq və öhdəliklərə malik olmasına heç bir maneə görmürük. Qarabağ problemi bütün regionun inkişafına əngəldir. Təəccüblü görünsə də, bu problemdən Azərbaycandan çox, indi, əslində, təklənmiş olan Ermənistanın özü daha çox ziyan və əziyyət çəkir.
Ə.Niyazov dedi ki, son 10-15 ildə Rusiyada azərbaycanlıların ciddi diasporu təşəkkül tapmışdır, müxtəlif mənbələrin məlumatına görə, o, təxminən 1,5-2 milyon azərbaycanlını birləşdirir. Bu gün Rusiyadakı Azərbaycan diasporu ən dinamik inkişaf edən milli diasporlardan və ölkənin daxili siyasətində mühüm rol oynayan ən fəal elektoral qruplardan biridir. Doğrudur, bəzi problemlər - miqrasiya, rusiyalıların cənublulara, müsəlman diasporlarına münasibəti ilə bağlı, uydurma “Qafqaz milliyyətindən olan şəxslər” və s. problemlər də var. Bunlar məhz Azərbaycan diasporunun nümayəndələrinə münasibətdə özünü xüsusilə kəskin şəkildə büruzə verir. “Avrasiya” deputat birliyinin nümayəndəsi dedi ki, Rusiyada milli zəmində baş vermiş faciəli hadisələrlə əlaqədar “Avrasiya” partiyası öz etirazını bildirmişdir. İzdihamlı nümayiş keçirilmiş, bu hadisələrin araşdırılmasının aşkar şəkildə aparılması və müqəssirlərin cəzalandırılması üçün bütün hüquq mühafizə strukturlarına bir sıra müraciətlər, o cümlədən də deputat sorğuları göndərilmişdir. Bunun nəticəsi və ictimai rəyə təsiri olmuşdur.
“Avrasiya” partiyası Rusiyadakı azərbaycanlıların dəstəklənməsində marağı olduğunu nümayiş etdirmişdir. O, Azərbaycan diasporu ilə planlı şəkildə işləyir və onun tərəfindən dəstəklənəcəyinə əmin olmaq istəyir. Partiyanın rəhbərliyində azərbaycanlılar kifayət qədər geniş təmsil edilmişlər: onlar Siyasi Şuranın tərkibinə daxildir və regional səviyyələrdə fəal işləyirlər. Üç azərbaycanlı regional şöbələrin rəhbəridir. Bu partiyanın xətti ilə azı iki azərbaycanlını Rusiya Dövlət Dumasına deputat seçmək nəzərdə tutulur. Axı, yolverilməz haldır ki, Rusiyada yaşayan təxminən iki milyon azərbaycanlı Federal Məclisdə əsla təmsil olunmayıbdır. Halbuki, sayca Azərbaycan diasporundan az olan erməni icması təkcə Dövlət Dumasında altı deputatla təmsil edilmişdir.
“Avrasiya” partiyası Azərbaycanla bütün səviyyələrdə daha fəal əməkdaşlıq etməyə çağırır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var