SİYASƏT
RUSİYA AZƏRBAYCANLILARININ BİRLƏŞMƏSİ PROSESİ DAVAM EDİR
Müşavirəni ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov açaraq, Rusiya Federasiyasında azərbaycanlıların mənafelərini qoruyan Konqresin, ictimai təşkilatların Azərbaycan diasporunun birləşməsi sahəsində fəaliyyəti barədə məlumat vermişdir. N.Ağamirov ÜAK-ın Rəyasət heyətinin və icra aparatının müzakirə edilən məsələ ilə bağlı fəaliyyətini qısaca səciyyələndirmiş, təşkilatın qarşıdakı dövrdə fəaliyyətinin öncül istiqamətlərini açıqlamışdır. N.Ağamirovun fikrincə, bunlar Rusiya Federasiyası subyektlərində ictimai diaspor təşkilatlarının Konqres ətrafında birləşməsi və eyni zamanda, təşkilatın quruculuğu işlərinin təkmilləşdirilməsi məsələləridir. O, müşavirədə qaldırılan təxirəsalınmaz məsələlər üzərində ətraflı dayanmışdır. Ural dairəsinə daxil olan bütün şöbə və təşkilatları birləşdirən ÜAK-ın regionlararası qurumunun yaradılması belə məsələlərdəndir. N.Ağamirov xüsusi vurğulamışdır ki, artıq Privoljsk dairəsində belə qurum yaradılmışdır və bu təcrübə davam etdiriləcəkdir.
ÜAK icra aparatı sədrinin müavinləri Q.Həmzəyev və E.Tərxanova, ÜAK-ın regional iş şöbəsinin müdiri İ.İbrahimov, habelə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri təşkilatın fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışmışlar.
Regional təşkilatların rəhbərləri öz qurumlarının regionlardakı fəaliyyəti barədə məlumat vermiş və ÜAK-ın həmvətənlərimizlə işinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürmüş, ÜAK-ın Ural Dairə Şurasının yaradılması təklifini dəstəkləmişlər. Müşavirədə yekdilliklə belə bir Şura yaradılmışdır. Sverdlovsk vilayətindəki “Azərbaycan” qeyri-kommersiya fondunun sədri Ş.Şıxlinski Şuranın sədri seçilmişdir.