SİYASƏT
RUSİYA DA AZƏRBAYCANLA BİRGƏ KƏDƏRLƏNİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, artıq dekabrın 13-də gecə Azərbaycanın Moskvadakı səfirliyinə rusiyalılardan və Rusiyada yaşayan azərbaycanlılardan telefon zəngləri daxil olmağa başlamışdır. Ölkənin dövlət qurumlarının nümayəndələri, siyasətçilər, hökumət və qeyri–hökumət təşkilatlarının əməkdaşları, ayrı-ayrı vətəndaşlar səfirliyə zəng edərək dərin hüznlə başsağlığı verir və Azərbaycan xalqı ilə birgə ürəkdən kədərləndiklərini bildirir, eyni zamanda, xüsusi vurğulayırdılar ki, “sabiq Prezident Heydər Əliyevin vəfatı əvəzsiz itkidir, millətin atası həyatdan getmişdir”. Başsağlığı vermək üçün Ümumrusiya Azərbaycan Konqresinə də bütün gecə səhərədək zənglər daxil olur, insanlar Azərbaycan xalqının əvəzedilməz liderinin xatirəsini yad etmək üçün buraya axışıb gəlirdilər.
Bu kədərli hadisə ilə əlaqədar səfirlikdə Azərbaycanın Dövlət bayrağı endirilmişdir.
...Matəm mərasimində iştirak etmək, Azərbaycanın və bütün dünyanın tarixində təkrarsız iz buraxmış böyük insanın xatirəsini anmaq üçün səhər tezdən insanlar səfirliyə axışırlar.
Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi ilə vidalaşmaq üçün Rusiya hökumət nümayəndə heyətinin, Heydər Əliyevi şəxsən tanıyan ayrı-ayrı rusiyalıların Azərbaycana gələcəyi gözlənilir. Moskvada yaşayan azərbaycanlı ziyalıların, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri də Bakıya gələcəklər.