Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbirk edirəm.

Sizin dərindən düşünülmüş və ardıcıl siyasətiniz sayəsində bu gün Rusiya dövlətçiliyin möhkəmləndirilməsi, demokratik dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla gedir, dünya birliyində layiqli yer tutur.

Qərarların qəbul edilməsi və həyata keçirilməsindəki siyasi uzaqgörənliyiniz və qətiyyətiniz, əzmkarlığınız və prinsipiallığınız, məqsədyönlü və yorulmaz fəaliyyətiniz Sizə rusiyalıların hörmət və etimadını, dünyada haqlı nüfuz qazandırmışdır.

Siz Azərbaycan ilə Rusiya arasında keyfiyyətcə yeni dövlətlərarası münasibətlər qurulmasına sanballı töhfə vermisiniz. Əminəm ki, əməkdaşlığın bütün sahələrində ölkələrimizin qarşılıqlı surətdə faydalı işbirliyi, strateji tərəfdaşlığı xalqlarımız arasındakı çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə, Qafqaz regionunda sülh və təhlükəsizlik işinə bundan sonra da xidmət edəcəkdir.

Bizim qarşılıqlı hörmət, etimad və səmimiyyət hisslərinə əsaslanan şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Əziz Vladimir Vladimiroviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, səadət, firavanlıq və Rusiyanın tərəqqisi naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin