MƏDƏNİYYƏT
RUSİYA FEDERASİYASI SƏFİRLİYİNDƏ
Martın 1-də axşam Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçin və onun xanımı Qalina Vişnevskayanın şərəfinə ziyafət təşkil edilmişdir.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov qonaqları səmimiyyətlə salamlayaraq, maestronun dünya musiqi mədəniyyətinin inkişafına böyük töhfəsindən, onun yüksək humanistliyindən, vətənpərvərliyindən danışdı, Mstislav Rostropoviçin doğulduğu Azərbaycanla və dahi musiqiçi kimi formalaşdığı Rusiya ilə sıx əlaqə saxladığını vurğuladı.
N.Ryabov bildirdi ki, Mstislav Rostropovicin dünya vətəndaşı adlandırılması təsadüfi deyil, çünki onun sənəti xalqları birləşdirir.
Mstislav Rostropoviç səmimi görüşə görə Azərbaycan ictimaiyyətinin nümayəndələrinə, diplomatik missiyanın əməkdaşlarına dərin təşəkkürünü bildirdi.
Axırda Bakı Musiqi Akademiyası tələbələrinin konserti oldu.
Azərbaycan Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, digər rəsmi şəxslər ziyafətdə olmuşlar.