DÜNYA
RUSİYA PREZİDENTİNİN QAZAXISTANA RƏSMİ SƏFƏRİ ZAMANI İKİTƏRƏFLİ ON SƏNƏD İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya dövlətinin başçısı Vladimir Putinin Qazaxıstana rəsmi səfərinin sonuncu günü o, qazax həmkarı Nursultan Nazarbayevlə Astanadakı Prezident mədəniyyət mərkəzində olmuşdur. V.Putin mərkəzin salonlarını gəzmiş, Qazaxıstan rəhbərinə bağışlanmış hədiyyələrlə tanış olmuşdur. Hədiyyələrin arasında zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyev tərəfindən Nursultan Nazarbayevə bağışlanmış qobelin də var.
Vladimir Putin Astananın yeni salınmış rayonuna getmiş, “Astana-Bayterek” monumentinə baxmışdır.
Bununla da V.Putinin Qazaxıstana rəsmi səfəri başa çasmışdır.
Səfər zamanı ikitərəfli on sənəd, o cümlədən sərhəd məsələlərində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında müqavilə və Baykonur kosmodromunun icarəyə verilməsi haqqında saziş imzalanmışdır. Sonuncu sənədə görə, kosmodromun icarə müddəti 2050-ci ilə qədər uzadılır. Bununla əlaqədar prezidentlərin birgə bəyanatında deyilir ki, belə bir addım kosmodromdan hər iki tərəfin marağı dairəsində səmərəli istifadəyə imkan yaradacaq.