İQTİSADİYYAT
RUSİYA QAZININ QİYMƏTİNİN ARTMASI İLƏ ƏLAQƏDAR UKRAYNANIN BÜDCƏSİNƏ YENİDƏN BAXILACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Maliyyə Nazirliyi ölkənin əsas maliyyə sənədini yenidən hesablamağa başlamışdır. Qazın qiymətinin artırılmasından sonra büdcəyə azı 500 milyon qrivna (təxminən 100 milyon ABŞ dolları) məbləğində ziyan dəyəcəkdir.
Ali Radanın büdcə komitəsi başçısının müavini Valeri Asadçevin sözlərinə görə, parlamentdə hamı əmin idi ki, 2006-cı il büdcəsi qazın köhnə qiyməti əsasında hesablandığından onun müddəalarına yenidən baxılacaqdır. Lakin bu, yeni parlament seçildikdən sonra olacaqdır.
Xatırladaq ki, 2006-cı ilin dövlət büdcəsinin yenidən hesablanmasına “Qazprom” RSC (Rusiya), “Naftoqaz Ukraini” şirkəti və “RosUkrEnerqo” arasında yanvarın 4–də Moskvada imzalanmış saziş səbəb olmuşdur. Ukraynaya nəql edilən Rusiya qazının qiyməti yarım il ərzində 1 min kubmetr üçün 95 dollar səviyyəsində müəyyən edilmişdir. Əvvəllər Ukrayna Rusiya qazının 1 min kubmetri üçün 50 dollar ödəyirdi.