SİYASƏT
RUSİYA TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ BAKIYA GƏLMİŞDİR
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo başda olmaqla nümayəndə heyəti fevralın 19-da Bakıya gəlmişdir. Binə hava limanında qonaqları Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Rusiyanın ölkəmizdəki səfiri Nikolay Ryabov, başqa rəsmi şəxslər qarşıladılar.
Hava limanında Vladimir Ruşaylo və Ramiz Mehdiyev jurnalistlərin suallarına cavab verdilər.
Rusiya Təhlükəsizlik Şurasının başçısı vurğuladı ki, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə əsas rol dövlətlərimizin rəhbərlərinə məxsusdur. Vladimir Ruşaylo səfərin məqsədindən danışaraq dedi: “Səfər zamanı biz beynəlxalq və regional təhlükəsizlik məsələlərinə dair bir sıra danışıqlar və məsləhətləşmələr aparmaq niyyətindəyik. Onların ən aktuallarına – İraq ətrafında vəziyyətə, Qafqaz regionunda təhlükəsizlik məsələlərinə toxunulacaqdır. Biz ticarət-iqtisadi, humanitar əməkdaşlıq məsələlərini də nəzərdən keçirmək niyyətindəyik. 2003-2004-cü illər üçün Rusiyanın və Azərbaycanın Təhlükəsizlik Şuraları aparatlarının birgə iş planının layihəsini hazırlamışıq. Zənnimcə, təkmilləşdirildikdən və dəyişikliklər edildikdən sonra səfər zamanı onu imzalayacağıq”.
Vladimir Ruşaylo bildirdi ki, səfər zamanı Azərbaycanın siyasi rəhbərliyi ilə və hüquq-mühafizə sahəsində fəaliyyət göstərən nazirliklərin başçıları ilə də görüşlər keçiriləcəkdir. Dünyanın müxtəlif yerlərində terror təzahürləri ilə əlaqədar son vaxtlar ölkələrimizin daxili işlər nazirlikləri, təhlükəsizlik xidmətləri arasında əlaqələr möhkəmlənmişdir. Bu da çox mühüm mövzudur.
Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev qonağın sözləri ilə razılaşaraq dedi ki, ölkələrimiz arasında, həqiqətən, sıx əlaqələr yaranmışdır. Biz bundan əvvəl Azərbaycanda belə bir sənəd imzalamış, indi yeni sənədin layihəsini hazırlamışıq. Onu müzakirə edəcək və yəqin ki, imzalayacağıq. Bu, Rusiyanın Təhlükəsizlik Şurası ilə Azərbaycanın Təhlükəsizlik Şurası arasında əməkdaşlıq haqqında sənəddir. O, ölkələrimizin təhlükəsizlik şuralarının aparatları arasında qarşılıqlı münasibətləri və əməkdaşlığın xüsusiyyətlərini müəyyənləşdirir”.