SİYASƏT
RUSİYA VƏ AZƏRBAYCAN PARLAMENTLƏRARASI KOMİSSİYASININ MOSKVADA İLK İCLASI KEÇİRİLƏCƏKDİR
Xəbər verildiyi kimi, Rusiya Federal Məclisi və Azərbaycan Respublikası Milli Məclisi arasındakı razılaşmaya əsasən Parlamentlərarası Komissiya yaradılmışdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komissiyanın ilk iclası aprelin 21-dən 23-dək Moskvada keçiriləcəkdir. Tədbirdə komissiyanın reqlamenti, iş qaydaları və digər təşkilati məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul olunacaqdır.
Komissiyada iqtisadi, sosial və humanitar sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq, ikitərəfli müqavilə və razılaşmaların ratifikasiyası, qüvvədə olan müqavilələrin yerinə yetirilməsi üzərində parlament nəzarəti, Rusiya və Azərbaycan deputatlarının mövqelərinin razılaşdırılması və digər məsələlər də müzakirə olunacaqdır.
Komissiyanın işində Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, deputatlardan Eldar Qəhrəmanov və Mixail Zabelin iştirak edəcəklər. Səfər müddətində deputatlarımız Rusiya Dövlət Dumasının, Federal Məclisinin rəhbərləri və komitə sədrləri ilə də görüşlər keçirəcəklər.