SİYASƏT
RUSİYA XİN GÜRCÜSTAN ƏSGƏRLƏRİNİN MÜNAQİŞƏ ZONASINDAN ÇIXARILMASINI DÜZGÜN ADDIM ADLANDIRIR
AZƏRTAC-ın müxbiri Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinə istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin sülhyaratma qüvvələrinin tərkibinə daxil olmayan hərbi bölmələri gürcü-osetin münaqişəsi zonasından çıxarmaq qərarı Moskvada məmnunluqla qarşılanmış və Qarışıq Nəzarət Komissiyası çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi naminə atılan düzgün, vaxtı çoxdan çatmış qərar adlandırılmışdır.
Eyni zamanda, departament bunun da vacibliyini vurğulayır ki, bu xətt ardıcıl surətdə aparılaraq, digər bütün razılaşmaların, ilk növbədə, atəşkəsə əməl olunması və bütün problemlərin güc tətbiqi taktikasına əl atmadan danışıqlar mexanizmi çərçivəsində müzakirəsinə dair razılaşmaların həyata keçirilməsini təmin etmişdir.
Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti bildirir ki, gürcü-osetin münaqişəsi zonasında vəziyyətin gedişini Moskvada diqqətlə izləyəcəklər. Moskva vəziyyətin dincliklə, qeyri-qarşıdurma məcrasında və hər iki tərəf üçün məqbul əsasda nizama salınması işində onlara kömək etmək üçün bütün mümkün tədbirləri görəcəkdir.