ELM VƏ TƏHSİL
RUS DİLİ MÜƏLLİMLƏRİNİN FORUMU GƏNCƏDƏ ÖZ İŞİNİ DAVAM ETDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Cənubi Qafqaz regionu üzrə rus dili müəllimlərinin Bakıda başlayan forumu sentyabrın 12-də Gəncədə işini davam etdirmişdir.
Cənubi Qafqaz orta məktəb və universitetlərinin, Rusiya Xalqlar Dostluğu Universitetinin rus dili müəllimlərinin, «Roszarubejsentr»in Azərbaycandakı nümayəndəliyi əməkdaşlarının və Rusiya səfirliyi təmsilçilərinin iştirakı ilə keçirilən forumu Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsləhətçisi, «Roszarubejsentr»in nümayəndəsi İqor Jukov açaraq qonaqları təqdim etmiş, forumun məqsəd və vəzifələrindən danışmışdır.
Sonra Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimləri - filologiya elmləri namizədləri Aleksandr Qartsoev, Alla Denisova, Mixail Rıbakov, Vladimir Sinyaçkin, pedaqoji elmlər namizədləri Olqa Sergeyeva Azərbaycanda və ümumilikdə Cənubi Qafqaz regionunda rus dilinin tədrisi vəziyyəti barədə müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
Məruzələrdən sonra söz Gəncənin rus dili müəllimlərinə verilmişdir. Onlar öz çıxışlarında qazandıqları uğurlarla yanaşı, qarşılaşdıqları problemlərdən də danışmış və müasir tədris ləvazimatlarının əldə olunmasında yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı rusiyalı mütəxəssislərlə fikir mübadiləsi aparmışlar.
Forumda rus dilinin tədrisində qazandıqları uğurlu nəticələrə görə Gəncənin bir qrup müəllim və məktəb direktoruna Rusiyanın Azərbaycandakı səfirliyinin təşəkkür məktubu, müxtəlif rus dili olimpiadalarında qalib gəlmiş şagirdlərə isə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Forum iştirakçıları sentyabrın 13-də dəyirmi masa arxasında müzakirələr aparacaq, 14-də isə Gəncədə rus icması yaradılmasının 10 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcəklər.