ELM VƏ TƏHSİL


Rabatda İslam ölkələrində təhsil problemləri müzakirə olunub

Bakı, 11 yanvar, AZƏRTAC

Mərakeşin paytaxtı Rabatda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) himayədarlığı ilə keçirilən İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) İcraiyyə Komitəsinin 22-ci sessiyasında İslam ölkələrində təhsil problemləri müzakirə olunub.

AZƏRTAC ISESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, iclasın açılışında çıxış edən təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri İslam ölkələrindəki universitetlərin tədris və elmi fəaliyyətinin gücləndirilməsi, onların arasında əməkdaşlığın möhkəmlənməsi istiqamətində hazırlanan layihələrin əhəmiyyətini vurğulayıb, ali təhsil müəssisələrinə bu sahədə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

FUIW-in yaradılmasının 31-ci ildönümü münasibətilə həyata keçiriləcək layihələr, federasiyanın fəaliyyətinin yekunları və büdcəsi təsdiq olunub.

2019-cu il üçün Fəaliyyət Planında göstərilir ki, FUIW “İslam Virtual Universiteti”, “İslam dünyası universitetlərinin fəaliyyətinin qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması”, “Ali təhsil və elmi araşdırmalar mərkəzi”, “FUIW üzvü olan universitetlərin veb-portalının yaradılması”, “Universitetlər arasında tələbə və müəllim mübadiləsi” layihələrini həyata keçirəcək.

Bundan başqa, İcraiyyə Komitəsi Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin (NAUSS) bazasında yaradılan Ali Təhsil və Elmi Tədqiqatlar Etikası Mərkəzinin üzvlərini təsdiq edib və bu mərkəzin statusunu müəyyənləşdirib. FUIW, həmçinin Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən Malayziya İslam Universitetində Beynəlxalq Qadın və Ədalət İnstitutunun təsis olunmasını qərara alıb.

1987-ci ildə Rabatda yaradılan İslam Dünyası Universitetləri Federasiyası 322 universitet və institutu birləşdirir. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti də federasiyanın üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.